XƏBƏRLƏR

Tədris Mərkəzində “Heyətin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.

Vergilər Nazirliyinin 9 oktyabr 2017-ci il tarixli əmri ilə mövcud insan resurslarından daha səmərəli istifadə edilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün 12 oktyabr 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Heyətin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.  

Təlimin keçirilməsində əsas məqsəd kadr ehtiyatında olan əməkdaşların idarəetmə sahəsində daha müasir biliklərə və innovativ metodlara yiyələnməsi olmuşdur.

Təlimdə təlimçi qismində İnsan resursları departamentinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov və dinləyici qismində Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin, Əlaqələndirmə və idarəetmə departamentinin, Ərazi vergi orqanları ilə iş üzrə departamentinin, Maliyyə və təminat departamentinin, Media və kommunikasiya mərkəzinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, 11 və 12 saylı Ərazi Vergilər Departamentlərinin, 3, 4, 6, 10, 14 saylı Ərazi Vergilər İdarələrinin və Qubadlı rayon Vergilər Şöbəsinin əməkdaşları (şöbə və bölmə rəhbərləri) iştirak etmişlər.                                  

Təlimdə “İdarəetmənin mahiyyəti”, “Dövlət vergi orqanlarında idarəetmə funksiyasını kimlər həyata keçirir?”, “Orta menecerə qoyulan tələblər”, “İdarəetmə fəaliyyətinin planlaşdırılması”,  “Vərdiş və bacarıqların aşılanması, özünü təhsil”, “İdarəetmədə problemli vəziyyətlər”, “İşçi fəaliyyətinə nəzarət”, “Nəzarətin funksiyası və növləri”, “İşçi ilə ünsiyyətin qurulması və Etik davranış Qaydalarının idarəetmədə rolu” və “İşçinin fəaliyyətinin qiymətləndirtilməsi meyarları” kimi mövzular təqdim edilmişdir. Bundan başqa, heyətin idarə edilməsində yol verilən səhvlər araşdırılmış və onların həlli istiqamətləri göstərilmişdir. Təlimin sonunda qeyd olunan məsələlər və qrup tapşırıqları geniş müzakirə edilmişdir.

Təlimin bütün iştirakçıları təlim prosesindəki müzakirələrdə, qrup tapşırıqlarında və sual-cavabda aktiv iştirak etmişlər.

Təlimçi İlkin Rəhimovun mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.