XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində "Dövlət vergi orqanlarında kargüzarlıq işinin təşkili və icra intizamına nəzarət" mövzusunda təlim keçirilmişdir

Vergilər Nazirliyinin 9 sentyabr 2017-ci il tarixli əmrinə əsasən dövlət vergi orqanlarının əməkdaşları üçün “Dövlət vergi orqanlarında kargüzarlıq işinin təşkili və icra intizamına nəzarət” mövzusunda 28-29 sentyabr 2017-ci il tarixlərində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.

Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin Aparatının İcra və əmək intizamına nəzarət şöbəsinin rəhbəri Eltac Ağayev, Vətəndaşların qəbulu şöbəsinin rəhbəri Fail Nərimanov, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin dövlət vergi müfəttişi Ramin Məmmədov iştirak etmişlər.  Dinləyici qismində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentindən, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentindən, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentindən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən, Ərazi Vergi Departamentlərindən və İdarələrindən, Şuşa, Zəngilan və Qubadlı rayon Vergilər Şöbələrindən 17 nəfər əməkdaş təlimə cəlb edilmişlər.                                                                                                 

Təlimin ilk günündə təlimin mahiyyəti və məqsədləri açıqlanmış, “İcra intizamına nəzarət, sənədlərin vaxtında və keyfiyyətlə icra olunmasının təşkili, şikayətlərin “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq icra edilməsi”, “Dövlət vergi orqanlarında vətəndaşların qəbulu qaydaları. Video qəbul. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanun”” və “AVİS-in qəbul menyusu barədə praktikum” müzakirə edilmişdir.                 

Təlimin növbəti günündə “Kargüzarlıq və koordinasiya işlərinin təşkili. Dövlət vergi orqanlarında kargüzarlığın aparılması və vətəndaş müraciətlərinə baxılması Qaydaları”, “AVİS-in kargüzarlıq altsistemi barədə praktikum”, “Dövlət vergi orqanlarında arxiv işinin təşkili. Vergi orqanlarında vergi ödəyicilərinin iş qovluqlarının saxlanılması” geniş müzakirə edilmişdir.  

Təlimçilər E.Ağayevin, F.Nərimanovun və R.Məmmədovun mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarıqları və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.