XƏBƏRLƏR

“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları” mövzusunda təlim keçirilib

11 avqust 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkzində “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları” mövzusunda təlim keçirilib. Təlim Tədris Mərkəzinin kafedra müdiri İmran Qarayev tərəfindən keçirilib.

Təlimdə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, 3, 4, 5, 6, 9 və 10 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları iştirak edib.

Müasir dövrdə Azərbaycanda beynəlxalq şirkətlərin, transmilli korporasiyaların, müxtəlif istiqamətlı maliyyə-investisiya qurumlarının  fəaliyyətinin genişlənməsi, rəqəmsal iqtisadiyyatın meydana gəlməsi, texnologiyaların, qeyri-maddi aktivlərin rolunun artması, şirkətlərin  eyni zamanda  müxtəlif  vergi sistemlərinə  malik ölkələrdə fəaliyyət göstərməsi imkanları, gəlirlərin yuxarı vergi dərəcəli ölkələrdən aşağı vergi dərəcəli ölkələrə köçürməklə vergituma bazasının dəyişdirilməsinə və beləliklə vergidən yayınmaq məqsədi ilə  şirkətlər tərəfindən həyata keçirilən vergi planlaşdırılması və bu sahədə tətbiq olunan manipulyasiya əməliyyatlarında  yeni imkanlar yaratmışdır. Bu isə öz növbəsində həmin şirkətlərin vergiyə cəlb edilməsində mahiyyət etibarı ilə yeni, təcrübədən keçməmiş və mövcud qanunvericilik baxımından həlli və təhlili kifayət qədər mürəkkəb olan bir çox iqtisadi məsələlərin meydana gəlməsinə səbəb olur.  Bu xüsusiyyətləri nəzərə alaraq təlim prosesində aşagidakı əsas istiqamətlər təhlil edilib:

- Transfer qiymətləndirmənin iqtisadi mahiyyəti;

- Transfer qiymətinin müəyyən edilməsi üsulları;

-  Vergitutma bazasının eroziyası və gəlirlərin köçürülməsi.

Bu problemlər kontekstində praktiki fəaliyyət nəticəsində transfer qiymətlərinin tətbiqi məsələləri araşdırılıb.

Təlim maraqlı və diskussiya şəraitində keçib.