XƏBƏRLƏR

Vergilər NazirliyininTədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

10 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Protokol tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanmışdır.

Niyyət Protokolu üzrə Tərəflərin birgə fəaliyyəti aşağıdakı əməkdaşlıq istiqamətlərini əhatə edir:

- Tərəflərin əsas fəaliyyət sahələri üzrə perspektiv inkişaf istiqamətlərini müəyyən etmək və Tərəflər üçün maraq kəsb edən sahələr üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq;

- Tərəflərin birgə təşkilatçılığı və dəstəyi ilə vergi, informasiya-kommunikasiya və yüksək texnologiyalar, eləcə də “Elektron hökümət”sahələri üzrə birgə maarifləndirici tədbirlər, təlim və seminarlar keçirmək;

- Tərəflərin fəaliyyət istiqamətləri üzrə qarşılıqlı təbliğat və təşviqat işlərini aparmaq və Tərəflərin birgə iştirakı ilə keçirilən layihələr haqqında ictimaiyyətiməlumatlandırmaq;

- Tərəflərin fəaliyyət göstərdiyi əlaqəli sahələr üzrə birgə tədris proqramları hazırlamaq və tədris kursları keçirmək;

- Tərəflərin iştirakı və təşkilatçılığı ilə yerli və beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən seminar, konfrans, simpozium və sərgilər keçirmək;

- Tərəflərin birgə təşkilatçılığı ilə vergi qanunvericiliyi və vergilər üzrə digər məsələlər, elektron idarəçilik, “Elektron hökumət”, elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək;

- Tərəflərdən birinin təşkil etdiyi təlimlər üçün digər tərəfdən ödənişli əsaslarla müəllimlər cəlb etmək;

- Tərəflərdən birinin təşkil etdiyi təlimlərdə digər Tərəfin əməkdaşlarının iştirakını təmin etmək;

- Tərəflərin birgə dəstəyi ilə elektron dərsliklər hazırlamaq;

-Tərəflərin inzibati və texnoloji infrastrukturundan, o cümlədən təhsil informasiya resurslarından qarşılıqlı razılaşma əsasında istifadə etmək;

- Qabaqcıl metodikaların, elmi nəticələrin, aparılan tədqiqatlar barədə materialların və digər nəşrlərin qarşılıqlı mübadiləsini təmin etmək;

- Birgə tədbirlər, layihələr və tədris proqramları təşkil etmək məqsədilə potensial tərəfdaş təşkilatlar və şəxslər üçün əlaqələndirici rolunu oynamaq.

         Niyyət Protokolunu Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin direktor vəzifəsini icra edən Rauf Cabarov imzalayıb.

            İmzalanmış Niyyət Protokolu çərçivəsində ilk dəfə olaraq 10 avqust 2017-ci il tarixdə Tədris Mərkəzində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin direktor vəzifəsini icraçısı Rauf Cabarov dövlət vergi orqanları əməkdaşları üçün “Exell-in məlumat axtarış sistemi və bu məlumatların səmərəli istifadəsi üzrə funksionallığın öyrənilməsi ilə əlaqədar V Lookup funksiyası” mövzusu üzrə məruzə ilə çıxış edib.