XƏBƏRLƏR

“Maliyyə hesabatları, sığorta və bank əməliyyatlarının vergiyə cəlb edilməsinin əsasları” mövzusunda təlim keçirilib

9-10 avqust 2017-ci ildə Tədris Mərkəzində Vergilər Nazirliyinin, Tədris Mərkəzinin və kənar ekspertlərin iştirakı ilə “Maliyyə hesabatları, sığorta və bank əməliyyatlarının vergiyə cəlb edilməsinin əsasları” mövzusunda təlim keçirilib.

Təlimdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin,  Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Kiçik Sahibkarlıqla İş Departamentinin əməkdaşları iştirak edib.

Təlimin birinci günündə Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin Təkmilləşdirmə şöbəsinin rəhbəri Hacı Əliyev səyyar vergi yoxlamasının keçirilməsi qaydaları və yoxlamaların AVİS altsistemində rəsmiləşdirilməsi ilə əlaqədar məsələlər ətrafında, Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov maliyyə hesabatlarının təyinatı, növləri və tərtib olunması, maliyyə hesabatlarının analizi, maliyyə əmsalları, dupont sistemi ilə baqlı məsələlər ətrafında mühazirə söyləyib.

Təlimin ikinci günündə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının professoru, i.e.d. Nizami Xudiyev “Sığorta fəaliyyətinin əsasları, Azərbaycanda tətbiq olunan sığorta növləri, sığorta əməliyyatları və sığorta fəaliyyətinin vergiyə cəlb olunması məsələləri” barədə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-tədris Mərkəzi” MMC-nin direktoru vəzifəsinin icraçısı Rauf Cabarov “Excel-in məlumat axtarış sistemi və bu məlumatların səmərəli istifadəsi üzrə funksionallığın öyrənilməsi ilə əlaqədar “V Lookup” funksiyası mövzusu üzrə məruzə ilə çıxış edib.

Təlim maraqlı və diskussiya şəraitində keçib.