2017-ci ilin İyul ayının 11-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Asan” könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir. Bu işlərin davamı olaraq Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında ASAN könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair 2016-cı ilin iyulun 28-də müqavilə imzalanıb. Müqaviləyə əsasən 2017-ci ilin ilk 6 ayı ərzində “ASAN xidmət” mərkəzlərinə müqavilə əsasında cəlb edilmiş 30 nəfər “ASAN” könüllüsünün dövlət vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təmin edilib. Bu dövr ərzində “ASAN” könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar.
Sonra “ASAN” könüllülərə Vergilər Nazirliyində istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.
Mərasimin sonunda Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Vergilər Nazirliyi adından Nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi adından Agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıb.