2017-ci il 4-7 iyul tarixlərində Sloveniyanın paytaxtı Lyubliyana şəhərində iqtisadi modelləşdirməyə həsr edilmiş ECOMOD 2017 Beynəlxalq Konfransı keçirilmişdir. Həmin Konfransda Tədris Mərkəzinin əməkdaşı, kafedra müdiri İmran Qarayev iştirak etmişdir. Konfransda Böyük Britaniyadan, Almaniyadan, Fransadan, İtaliyadan və 50-dən çox digər ölkələrin nümayəndələri iştirak etmişdir.
İqtisadi modelləşdirməyə həsr olunmuş ECOMOD konfransları 10 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində keçirilir. Gələn il bu konfransın İtaliyanın Venesiya şəhərində keçirilməsi nəzərdə tutulmuşdur. Bu ilki konfrans Lyubliyana Universitetinin Economics fakültəsi tərəfindən təşkil edilmişdir. Lyubliyana Universitetinin Economics fakültəsi 1946-cı ildə təşkil edilmiş və hal-hazırda iqtisadiyyat sahəsində elmi tətqiqatlar aparan tanınmış mərkəzlərdən biridir.
ECOMOD 2017-ci il konfransı iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 7 sessiya üzrə keçirilmişdir. Bu sessiyalardan birinə ilk dəfə olaraq azərbaycanlı nümayəndə Tədris Mərkəzinin kafedra müdiri İmran Qarayev sədrlik etmişdir. Sessiyada vergi və ticarət məsələləri, qlobal iqtisadiyyatdakı maliyyə problemləri, inkişaf etməkdə olan ölkələrdə mövcud sosial-iqtisadi vəziyyət və onların inkişaf istiqamətləri müzakirə edilmişdir.