Azərbaycan Universiteti və Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən birgə “Milli – mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib. Şamaxı şəhərində, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.
Beynəlxalq tədbirdən əvvəl konfrans iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin tədris mərkəzindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş nitqi ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açıb. Rektor konfrans iştirakçılarını Şamaxı şəhərində, Azərbaycanın qədim məkanlarından biri olan Şirvan torpağında salamlamaqdan məmnun olduğunu bildirib. Səadət Əliyeva qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri dünya sivilizasiyasında mühüm yer tutur. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və onun gələcək nəslə çatdırılmasını strategiya halına salmaqla bu sahədə böyük töhfələrə imza atıb. Rektor bildirib ki, konfransda bu mühüm məqamlar müxtəlif prizmalardan geniş şəkildə müzakirə ediləcəkdir.
Millət vəkili Aydın Mirzəzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dövlət İqtisad Universitetinin professoru Əvəz Ələkbərov, YAP Siyasi Şurasının üzvü, İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov, Anadolu Universitetinin professoru Gökhan Tunç çıxış edərək tədbirdə müzakirə ediləcək mövzuların müxtəlif məqamlarına toxunub, konfransın işinə uğurlar arzulayıblar.
Konfrans öz işini 2 bölmədə davam etdirib. Birinci bölmə “Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması”, ikinci bölmə isə “Azərbaycanın iqtisadi inkişafı və milli-mənəvi dəyərlərin qorunması” məsələlərinə həsr edilib.
Beynəlxalq tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilib. Günün sonunda Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.