XƏBƏRLƏR

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilib

Vergilər nazirinin əmri ilə 1 iyun 2017-ci il tarixdə Tədris Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd gələcəyin vergi ödəyiciləri olan şagirdlərdə vergi mədəniyyətinin formalaşdırılması, onların vergilər haqqında biliklərinin artırılması, ölkənin iqtisadi qüdrətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsində vergilərin ödənilməsinin mühüm rol oynadığını onlara aşılamaq üçün zəmin yaradılmasından ibarət olub.

Rəsm müsabiqəsi 2 yaş  qrupu üzrə aparılıb: I yaş qrupu – 6-10 yaş və II yaş qrupu – 11-16 yaş. İnşa müsabiqəsi 9-16 yaş qrupuna daxil olan iştirakçılar arasında keçirilib. 

İlkin mərhələnin ən yaxşı nəticə göstərmiş şagirdləri növbəti mərhələdə iştirak hüququ qazanıblar. Seçmə mərhələdəki müsabiqələrdə iştirak edən şagirdlərə hədiyyələr, növbəti mərhələdə iştirak hüququ qazanan qaliblərə isə əlavə olaraq müvafiq diplomlar təqdim olunub.

Müsabiqənin yekun mərhələsinin mütəşəkkil və obyektiv keçirilməsi məqsədi ilə müvafiq komissiya yaradılıb və həmin komissiyanın tərkibinə Şamaxı rayon İcra Hakimiyyətinin, Rayon Təhsil şöbəsinin və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin nümayəndələri də daxil edilib. 

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin direktoru Ələkbər Məmmədov bildirib ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alaraq 2003-cü ildən başlayaraq hər il Vergilər Nazirliyinin təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Nazirliyin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcəkdir.

Qeyd edilib ki, vergilər nazirinin əmri ilə təsdiq edilmiş müsabiqə bir qayda olaraq hər il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilir. Cari ildə müsabiqənin iki mərhələdə, seçmə və yekun mərhələdən ibarət olmaqla keçirilməsi qərara alınıb. Müsabiqənin seçmə mərhələsi may ayının 15-dək yerli vergi orqanları tərəfindən onların nəzarət əhatələrinə daxil olan şəhər və rayonların orta məktəbləri və uşaq-gənclər yaradıcılıq mərkəzləri üzrə keçirilib. Bu ilki müsabiqə 2017-cı ilin aprel ayından start götürüb, 1030-dan çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.

Tədbirdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagird və müəllimlərdən ibarət heyət tərəfindən musiqi və rəqs nömrələri nümayiş etdirilib.

Sonra yekun mərhələnin qalibləri elan edilib, onlara diplom və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.

İnşa müsabiqəsində Acalova Zeynəb Vüqar qızı (Zaqatala şəhər, Akademik Z.Əliyeva adına Texiki fənlər təmaüllü litsey) 1-ci, Niftəliyeva Vəfa Nizami qızı (Sumqayıt şəhəri, 11 nömrəli orta məktəb)  2-ci, Yusifova Aytac Sadiq qızı (Şəki şəhəri, R. Əfəndiyev adına 10 saylı orta məktəb)  3-cü yerə, rəsm müsabiqəsində 6-10 yaş qrupu üzrə Həsənov Murad Sahib oğlu (Zaqatala şəhəri, 3 nömrəli orta məktəb) 1-ci, Allahquliyeva Nurxanım Ramil qızı (Sumqayıt şəhəri, 13 nömrəli orta məktəb) 2-ci, Babayeva Nəzrin Elfan qızı (Quba  şəhəri, 5 nömrəli orta məktəb)  3-cü yerə, 11-16 yaş qrupu üzrə isə Ovçiyeva Fərqanə Əfqan qızı (Bakı şəhəri, Estetik Tərbiyə üzrə Respublika TMM-in TS Qalereyası)  1-ci, Muradov Elvin Azərçin oğlu (Qax şəhəri N. Allahverdiyev adına 2 nömrəli məktəb)  2-ci,Haşimli Fidan Əfqan qızı (Zarağan kənd, 2 saylı orta məktəb)  3-cü yerə layiq görülüblər.

Müsabiqə Protokolları:

6-10 yaş qrupları üzrə rəsm müsabiqəsinin yekun mərhələsi

11-16 yaş qrupları üzrə rəsm müsabiqəsinin yekun mərhələsi

9-16 yaş qrupları üzrə inşa müsabiqəsinin yekun mərhələsi