XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzinin növbəti Elmi Şurası keçirilmişdir.

15 may 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin növbəti Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirəyə çıxarılmışdır:

  1. Sertifikatlaşdırma təlimləri barədə;
  2. “İnsan resurslarının idarə edilməsi” mövzusunda forumun keçirilməsi barədə;
  3. “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masanın keçirilməsi barədə;
  4. “Kadr hazırlığının müasir problemləri: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi  masanın keçirilməsi barədə;
  5. “Maliyyə, vergi cinayətlərinin qarşısının alınmasının hüquqi aspektləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi barədə;
  6. Elmi-tədqiqat mövzularının  təsdiq edilməsi barədə;
  7. Tədris mövzu planları və illik təlim qrafikləri barədə.

Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri Əli Həsənov iclası açıq elan edərək, Elmi Şuranın 8 üzvünün iclasda iştirak etdiyini və kvorumun təmin edildiyini bildirdi.

1-ci məsələ ilə bağlı Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev çıxış etdi. O, öz cıxışında sertifikatlaşdırma təlimlərinin  keçirilməsi barədə geniş məlumat vermiş və qeyd etmişdir ki, bu günkü günə qədər sertifikasiya təlimlərinə cəlb olunan əməkdaşların sayı 947 nəfər olmuşdur. Onlardan sertifikat almış əməkdaşların sayı cəmi 545 nəfər olmuşdur. Bunlardan 124 nəfər 1-ci dərəcəli, 220 nəfər 2-ci dərəcəli, 201 nəfər isə 3-cü dərəcəli sertifikatlar almışdır. Təkrar imtahandan qiymət ala bilməyən əməkdaşların sayı isə 111 nəfərdir.

Sertifikasiya təlimləri barədə çıxış edərək, C.Mehdiyev bir çox dinləyicilərin təlimlərdən yayınması məsələsinə də toxundu. Bununla bağlı konkret işlərin həyata keçirildiyi barədə məlumat verdi.

C.Mehdiyev daha sonra “İnsan resurslarının idarə edilməsi” mövzusunda forumun keçirilməsi barədə məsələlərə toxunuldu. O, Elmi Şurada baxılması nəzərdə tutulan 4-cü məsələ bilavasitə insan resurslarının idarə edilməsi ilə bağlı olduğuna görə həmin dəyirmi masada müzakirə ediləcək məsələlərin də forumda baxılmasını məqsədəuyğun hesab etmişdir.

  • “İnsan resurslarının idarə edilməsi” mövzusunda keçiriləcək  forumda müzakirə olunan məsələlər və istiqamətlər barədə geniş məlumat verdi. O, qeyd etdi ki, forumun əsasən 2 istiqamət üzrə, 20 iyun 2017-ci il tarixində keçiriləcəyi nəzərdə tutulur:
  1. İnsan resurslarının idarə edilməsində mövcud vəziyyət;
  2. Kadr potensialının gücləndirilməsi.

3-cü məsələ ilə əlaqədar Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov çıxış etdi. O, öz çıxışında qeyd etdi ki, son zamanlar vergi qanunvericiliyində fundamental dəyişikliklər baş vermişdir. Bu isə öz növbəsində aparılan vergi islahatlarının elmi və praktiki cəhətdən araşdırılmasını, qarşıya çıxan problemlərin təhlil edilməsini və onların həlli yollarının axtarılmasını tələb edir və bu baxımdan “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri:nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masanın keçirilməsi əhəmiyyətli olardı.

O,  bu dəyirmi masanın 3 əsas istiqamət üzrə aparılması təklifini irəli sürdü:

  1. Vergi islahatlarının strateji hədəfləri;
  2. Vergi islahatlarının hüquqi aspektləri;
  3. Vergi islahatlarının praktiki aspektləri.

Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri Əli Həsənov  bu məsələ ilə bağlı  öz fikrini bilidirərək qeyd etdi ki, dəyirmi masada əsasən vergi sisteminin əməkdaşları iştirak etməli və ilk növbədə vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin ptraktiki tətbiqi prosesində qarşıya çıxan məsələlərə xüsusi diqqət yetirilməlidir. Aparılan müzakirələr əsasında “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masanın  iyun ayının 9-da keçirilməsi qəbul edildi.

Ə.Həsənov öz çıxışında Tədris Mərkəzinin yaranmasının 15 illiyinin tamam olması ilə əlaqədar keçirilməsi nəzərdə tutulan forumların və dəyirmi masaların bu yubiley ilə bağlı şəkildə təşkil olunmasının məqsədəuyğun hesab etdiyini bildirdi.

5-ci məsələ ilə əlaqədar çıxış edən rəis müavini Mirəli Kazımov vergi sisteminin formalaşmasında vergi cinayətlərinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Müasir dövrdə iqtisadiyyatın qloballaşması, rəqəmsal iqtisadiyyatın inkişafı, onun yeni seqmentlərinin formalaşması vergi cinayətlərinin xarakterini  dəyişmişdir.  Bu baxımdan o, “Maliyyə, vergi cinayətlərinin qarşısının alınmasının hüquqi aspektləri” mövzusunda Beynəlxalq elmi-praktiki  konfransın keçirilməsinin vacib olduğu haqqında  Elmi Şura üzvlərinə məlumat verdi. Eyni zamanda,  M.Kazımov  bu konfransın aşağıdakı iki əsas istiqamət üzrə aparılmasını təklif  etdi:

  1. Vergi cinayətlərinin hüquqi aspektləri;
  2. Maliyyə-vergi cinayətlərinə qarşı preventiv tədbirlər.

O,  çıxışında qeyd olunan konfransda digər ölkələrin də nümayəndələrinin  iştirakının vacib olduğunu vurğuladı.

Elmi Şura üzvləri tərəfindən bu konfransda müzakirə ediləcək mövzularla bağlı müzakirələr aparıldı və həmin konfransın 2017-ci ilin sentyabr ayında keçirilməsi planlaşdırıldı.

M.Kazımov “Azərbaycanın Vergi Jurnalı”nın idarə edilməsinin Tədris Mərkəzinə tapşırılması ilə bağlı yerinə yetiriləcək işlərlə bağlı öz fikirlərini bildirdi. O qeyd etdi ki, jurnalda çap olunan məqalələr ilk növbədə vergitutma ilə bağlı olmalı və müasir dövrün aktual problemlərinə həsr olunmalıdır. Bu  bir tərəfdən jurnalın keyfiyyətinin artırılmasına, digər tərəfdən isə onun rentabelli olmasına səbəb olardı.

6-cı məsələ ilə əlaqədar Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov çıxış etdi və aşağıdakı mövzuların seçilməsini təklif etdi:

  1. Transfer qiymətləndirmə prosesində səmərəliliyin gücləndirilməsi;
  2. Elektron ticarətin vergiyə cəlb olunması.

7-ci məsələ  ilə bağlı  Mərkəzin kafedra müdirləri çıxış etdilər. Onlar öz çıxışlarında Tədris-mövzu planları və illik təlim qrafikləri haqqında məlumat verdilər.

Tədris Mərkəzinin rəisi Əli Həsənov vergi inzibatçılığı üzrə dərsliyin hazırlanması ilə bağlı tapşırıqlarını verdi.  

İclasın sonunda Mərkəzin rəisi, Elmi Şuranın sədri Əli Həsənov digər məsələlərə toxunaraq keçən dövr ərzində görülmüş işlərin nəticələrinin qənaətbəxş olduğunu qeyd etdi.