XƏBƏRLƏR

“Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə 12 may 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahədə vergi orqanları qarşısında duran vəzifələr, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın tətbiqi məsələləri, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində maraqlar toqquşması və məlumat azadlığı məsələləri ilə bağlı ayrı-ayrı halların təhlili, maraqların toqquşmasının qarşısının alınması mövzularında müzakirələr aparılmışdır.

Təlimdə təlimçi qismində Daxili təhlükəsizlik departamentinin əməkdaşı Vüqar Mahmudov, dinləyici qismində Vergilər Nazirliyi yanında departamentlər və ərazi vergi orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.