XƏBƏRLƏR

Vergilər Nazirliyində ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə müsabiqəyə yekun vurulmuşdur

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi or­qan­larında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi or­qanlarına işə qəbul olunmaq üzün namizədlərin müsa­bi­qə­sinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsa­bi­qənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və ida­rə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq apa­rılır.

Ərazi vergi orqanlarının və rayon vergilər şöbələrinin kadr tələbatının ödənilməsində dövlət vergi orqanlarının büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlarının potensialından istifadə edilməsi məqsədilə həmin hədəf qrupu üçün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqəyə hazırlıq” mövzusunda 13 mart -13 aprel 2017-ci il tarixlərində təlimlər keçirilmişdir.

Təlimlərdə dövlət vergi orqanlarının büdcədənkənar fond hesabına saxlanılan 55 əməkdaşı iştirak etmişdir.

Ümumilikdə işə qəbul üzrə keçirilən müsabiqədə iştirak etmək üçün 1444 nəfər vətəndaş müraciət etmiş, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1324 nəfər namizəd qismində müsabiqədə iştiraka buraxılmışdır.

Aprelin 15-də Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə işə qəbulla bağlı test imtahanı keçirilmişdir.

Qaydalara əsasən müsabiqə, test imtahanı və müsahibə olmaqla, iki mərhələdə keçirilmişdir. Test imtahanında uğur qazanmış 90 nəfər namizəd müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılmışlar. Müsahibə zamanı namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılmış, müsahibədən 81 nəfər uğurla keçərək Nazirliyin ehtiyat kadrlar siyahısına daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, Tədris Mərkəzində büdcədənkənar fond hesabına saxlanılan müfəttişlərdən 11 nəfər test imtahanından və sonradan müsahibədən uğurla keçərək Nazirliyin ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Bu isə təlimlərdə iştirak edən əməkdaşların 20%-ni, dövlət vergi orqanlarına işə qəbul üçün keçirilmiş müsabiqənin hər iki mərhələsindən uğurla keçmiş namizədlərin 13,6%-ni təşkil edir.