XƏBƏRLƏR

“Vergilər” mövzusunda olimpiadanın I mərhələsi keçirilmişdir

Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının vergilər nazirinin 14 mart 2017-ci il tarixli müvafiq əmri ilə qaydalar təsdiq edilmişdir. Olimpiadanın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında vergitutma sahəsində biliklərin artırılması, onların vergi sahəsində bilik səviyyəsinin qiymətləndirilməsi, vergi mədəniyyətinin artırılması, eləcə də gələcəkdə nümunəvi vergi ödəyicilərinin və ya vergi sahəsində çalışacaq peşəkar mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Olimpiadanın seçmə və yekun mərhələdən ibarət olmaqla iki mərhələdə keçirilməsi nəzərdə tutulmuşdur. Seçmə mərhələdə 17 ali təhsil müəssisəsinin tələbələri iştirak etmişdir. Bu təhsil müəssisəsilərinin 12-si Bakı şəhərində, 1-i Naxçıvan Muxtar Respublikasında, 4-ü isə ölkənin digər regionlarında (Gəncə, Sumqayıt, Lənkəran və Mingəçevirdə) yerləşir. Vergilər Nazirliyinin Tədris Mərkəzi olimpiadanın iştirakçıları üçün sual bazasının və sual kitabçalarının hazırlanmasını təmin etmiş və olimpiadanın seçmə mərhələsinin keçirilməsində ali təhsil müəssisələrinə lazımi metodiki kömək göstərmişdir. Seçmə mərhələ üzrə imtahan 16 aprel 2017-ci il tarixdə Bakı şəhərinin ali məktəblərinin və Sumqayıt Dövlət Univerisitetinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad və Azərbaycan Universitetlərində, Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Dövlət Universitetində, digər regionlar üzrə isə Mingəçevir və Gəncə Dövlət Universitetlərində, 17 aprel 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində keçirilmişdir. Birinci mərhələdə Bakı və Sumqayıt şəhərləri üzrə 193, Naxçıvan Dövlət Universitetindən 22, Lənkəran Dövlət Universitetindən 37, Gəncə Dövlət Universitetindən 32, Mingəçevir Dövlət Universitetindən isə 37 tələbə olmaqla, ümumilikdə 321 tələbə iştirak etmişdir. Ali təhsil müəssisələri öz tələbələri arasında nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqəlik daxili imtahan keçirmişlər. Hazırda seçmə mərhələnin cavablarının yoxlanılması prosesi davam edir. “Vergilər” mövzusunda olimpiadanın yekun mərhələsinin 2017-ci ilin 6 may tarixində Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilməsi nəzərdə tutulur.