Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində 3-4 aprel 2017-ci il tarixlərdə Tədris Mərkəzində “Bələdiyyələrdə hüquqi maarifləndirmə işlərinin aparılması və metodiki köməklik göstərilməsi” mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlimdə respublikanın müxtəlif regionlarından olan 48 bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Təlimi giriş sözü ilə Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev açdı. O, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi qarşıda duran prioritet vəzifələrdən biri kimi müəyyən olunduğunu qeyd etdi.
Təlimin birinci günündə bələdiyyə qulluğuna qəbulun müsbiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları, bələdiyyə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotu ilə əlaqədar mövzular araşdırılmış, “Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun müddəaları, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin əmlak və torpaq vergilərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi qaydaları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılmış və qeyd olunan məsələlər müzakirə edilmişdir.
Təlimin ikinci günündə bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, BVİS-nin altsistemləri və onların xüsusiyyətləri, BVİS-də yerli verginin ödəyicisi olan fiziki şəxslərin uçota alınması, BVİS-də qeydiyyata alınmış yerli (bələdiyyə) verginin ödəyicilərinə yerli (bələdiyyə) vergilərinin hesablanması və tədiyyə bildirişlərinin elektron qaydada hazırlanması və yerli (bələdiyyə) vergiləri üzrə daxilolmaların BVİS-ə işlənməsi prosedurları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılmış və bu istiqamətdə geniş və səmərəli müzakirələr aparılmışdır.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş məsləhətçisi Qalib Məmmədov və baş müəllimi Mətanət Əsgərova təlimçi qismində təlimə cəlb edilmişlər.