XƏBƏRLƏR

Ədliyyə Akademiyasında hakimliyə namizədlərlə təlimlər keçirilmişdir

Ədliyyə Akademiyasında hakimliyə namizədlərlə təlim kursları keçirilir.

1 il müddətində davam edəcək kursun proqramına insan haqlarının etibarlı qorunması, korrupsiya ilə mübarizə, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliklərdə olan dəyişikliklər, hüquqi şəxslərin dövlət qeydiyyatı və digər aktual məsələlərə dair mövzular daxil edilmiş, yerli və  beynəlxalq ekspertlərin iştirakı ilə tədrisi nəzərdə tutulmuşdur.

            Kursun ilk günlərində məhkəmə hakimiyyətinin konstitusion əsasları mövzusunda Milli Məclis sədrinin birinci müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov çıxış etmiş, aktual elmi-praktiki məsələləri namizədlərin diqqətinə çatdırmış və konstitusiyada təsbit olunmuş insan hüquqlarının daha etibarlı müdafiəsində məhkəmələrin xüsusi rolunu vurğulamışdır.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində təlimlərə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları da cəlb edilmişlər.

7-8 fevral 2017-ci il tarixdə Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının baş müəllimi Fariz Yadigarov “Hüquqi şəxslərin dövlət qeydiyyatı” mövzusu ilə mühazirə söyləmişdir.

Təlim yüksək fəallıq və diskussiya şəraitində keçmişdir.

Tədbirdə Tədris Mərkəzinin rəisi Əli Həsənov və Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov çıxış etmiş, daha sonra Ə.Həsənov və E.Xələfov görüş keçirmişdir. Görüşdə Ədliyyə Akademiyası ilə Tədris Mərkəzi arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılmış, bələdiyyələrə, notariat orqanlarına və icra qurumlarına birgə təlimlərin keçirilməsi ilə bağlı şifahi razılıq əldə edilmişdir.