Əməliyyat-axtarış fəaliyyəti, cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə təlim təşkil edilmişdir.
Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Vergilər Nazirliyində sistemli şəkildə həyata keçirilən təşkilati və hüquqi tədbirlərin nəticəsi olaraq ibtidai istintaqı Vergilər Nazirliyinə həvalə edilmiş cinayətlərə qarşı Vergilər Nazirliyi tərəfindən məqsədyönlü və ardıcıl şəkildə mübarizə tədbirləri həyata keçirilir.
Vergilər Nazirliyində əməliyyat-istintaq fəaliyyətinin daha yüksək səviyyədə təşkil olunması üçün aparılmış bütün mümkün təkmilləşdirilmələrlə yanaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (bundan sonra – Departament) müstəntiq, təhqiqatçı və əməliyyat müvəkkillərinin vaxtaşırı olaraq müvafiq təlim və tədris kurslarına cəlb olunmasına da xüsusi diqqət yetirilir.
Məhz bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “İbtidai istintaq sahəsi üzrə inzibatçılığın təkmilləşdirilməsinə dair” Tədbirlər Planında Departamentin müstəntiq, təhqiqatçı və əməliyyat müvəkkillərinin aidiyyəti sahələr üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə onların digər hüquq-mühafizə orqanlarının tədris müəssisələrində təlimlərə cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməliyyat müvəkkillərinin əməliyyat-axtarış fəaliyyəti, cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat idarəsinin əməkdaşları üçün 1-23 dekabr 2016-cı il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasında təlimlər təşkil olunmuşdur. Təlimlərdə 2 qrup üzrə 24 əməkdaş iştirak etmişdir.