Vergilər Nazirliyinin müvafiq əmri ilə mövcud insan resurslarından daha səmərəli istifadə edilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün 24 dekabr 2016-cı il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin inzibati binasında “Heyətin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində əsas məqsəd kadr ehtiyatında olan əməkdaşların idarəetmə sahəsində daha müasir biliklərə və innovativ metodlara yiyələnməsi olmuşdur.
Təlimdə təlimçi qismində İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov və dinləyici qismində Vergilər Nazirliyinin Aparatının, Daxili təhlükəsizlik baş idarəsinin, Hüquq baş idarəsinin, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin, Vergi ödəyicilərinə xidmət baş idarəsinin, Vergi auditi və operativ nəzarət idarəsinin, Maliyyə və təminat idarəsinin, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin, 12 saylı Ərazi Vergilər Departamentinin, 5, 6 və 14 saylı Ərazi Vergilər İdarələrinin və Qubadlı rayon Vergilər Şöbəsinin əməkdaşları (şöbə rəisləri) iştirak etmişlər.
Təlimdə “İdarəetmənin mahiyyəti”, “Dövlət vergi orqanlarında idarəetmə funksiyasını kimlər həyata keçirir?”, “Orta menecerə qoyulan tələblər”, “İdarəetmə fəaliyyətinin planlaşdırılması”, “Vərdiş və bacarıqların aşılanması, özünü təhsil”, “İdarəetmədə problemli vəziyyətlər”, “İşçi fəaliyyətinə nəzarət”, “Nəzarətin funksiyası və növləri”, “İşçi ilə ünsiyyətin qurulması və Etik davranış Qaydalarının idarəetmədə rolu” və “İşçinin fəaliyyətinin qiymətləndirtilməsi meyarları” kimi mövzular təqdim edilmişdir. Bundan başqa, heyətin idarə edilməsində yol verilən səhvlər araşdırılmış və onların həlli istiqamətləri göstərilmişdir. Təlimin sonunda qeyd olunan məsələlər və qrup tapşırıqları geniş müzakirə edilmişdir.
Təlimin bütün iştirakçıları təlim prosesindəki müzakirələrdə, qrup tapşırıqlarında və sual-cavabda aktiv iştirak etmişlər.
Təlimçi İlkin Rəhimovun mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.