XƏBƏRLƏR

Tədris Mərkəzində Ümummilli Liderin anım günü ilə bağlı tədbir keçirilib

Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları və təlimlərə cəlb edilmiş dövlət vergi orqanlarının əməkdaşları iştirak etmişlər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on üç  il keçdiyini qeyd ediblər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

     Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olub. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.

     Anım mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ümummilli lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Ulu öndərin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edib.