XƏBƏRLƏR

“Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda təşkil edilmiş sertifikatlaşdırma təlimi bitmişdir.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 2 noyabr 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixədək olan müddətdə “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 16 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Qarşılıqlı əməliyyatların təhlili idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi İsayeva Ülkər Söhbət qızı, 2 saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişləri, 1-ci dərəcəli müfəttiş  İsayev Emil Cəmil oğlu və 1-ci dərəcəli müfəttiş Ağayeva Rəşanə Ağasab qızı xəstəlik ilə əlaqədar olaraq təlimlərdə iştirak etməmişlər.   

            Tədris-mövzu planına “Səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların hüquq və vəzifələri. Səyyar vergi yoxlamasının formaları və onun təşkili prinsipləri. Səyyar vergi yoxlaması ilə əhatə edilən dövr”, “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili”, “Səyyar vergi yoxlaması üçün yoxlayıcıların və müddətlərin müəyyən edilməsi. Səyyar vergi yoxlaması zamanı ümumi tələblər”, “Səyyar vergi yoxlamasının mərhələləri”, “AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə”, “Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi. Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması”, “Gəlirlərin düzgünlüyünün yoxlanılması, xərclərin düzgünlüyünün yoxlanılması, vergilərin hesablanmasının düzgünlüyünün yoxlanması”, “Prosessual qərarlara baxılması”, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili”, “Ehtiyatların və kreditor borcların uçotu”, “Mühasibat uçotunun hesablar sistemi və ikili mühasibat yazılışları. Vergi ödəyicisinin fəaliyyətində istifadə etdiyi ilkin uçot sənədləri və mühasibat uçotu registrləri”, “Torpaq, tikili, avadanlıqların (əsas vəsaitlər) və qeyri-maddi aktivlərin uçotu”,” Gəlirlərin, xərclərin və maliyyə nəticələrinin uçotu”, “Pul vəsaitləri və sair qısamüddətli aktivlərin uçotu”, “Kapitalın və öhdəliklərin uçotu”, “Maliyyə-mühasibat hesabatlarının tərkibi və məzmunu”, “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş mühasibat uçotu” mövzuları daxil edilmiş və tədris olunmuşdur. 

Təlimə 42 tədris saatı ayrılmış və 7 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Qarşılıqlı əməliyyatların təhlili idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Rəcəbov Camal Fərasəddin oğlu, Auditin təşkili şöbəsinin dövlət vergi müfəttişi Məmmədov Əlövsət Hacı oğlu, 6 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Mahmudov Nazim Vahid oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər. 

 “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 11 noyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 13 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 80,3% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 8 nəfəri 2-ci dərəcəli, 4 nəfəri isə 3-cü dərəcəli sertifikat almışlar.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Qarşılıqlı əməliyyatların təhlili idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi  Murtuzayeva Şəhla Qarabəy qızı imtahanda qeyri-kafi qiymət almışdır.