Şöbə rəisi
Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi
vergi xidməti müşaviri
Əliyev Nazim Kazım oğlu 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1993 – 2001-ci illərdə Azərbaycan Respublikasının prokurorluğu orqanlarında, 2001 – 2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əvvəlcə Fəlsəfə və Hüquq institutu, daha sonra Hüquq və İnsan haqları institutunda işləmişdir. 26 avqust 2019-cu il tarixdən hal-hazıra kimi Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində çalışır. 2005 - 2017-ci illərdə Milli Aviasiya Akademiyasında, 2017-ci ildən isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində elmi-pedaqoji fəaliyyət göstərir.
Nazim Əliyev 26 mart 2005-ci ildə Bakı Dövlət Universitetində “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 12 iyul 2005-ci il tarixli qərarı ilə ona hüquq elmləri namizədi elmi dərəcəsi (PhD), 22 iyul 2009-cu il tarixli qərarı ilə isə “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə dosent elmi adı verilmişdir. O, “Həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyətin diferensiasiyası problemləri (qanun, nəzəriyyə, praktika)” mövzusunda yazmış olduğu doktorluq dissertasiyasını 7 yanvar 2016-cı il tarixdə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda respublikamızın və xarici dövlətlərin hüquq üzrə nüfuzlu alimlərinin birgə iştirakı ilə yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 25 noyabr 2016-cı il tarixli qərarı ilə ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Nazim Əliyev 8 monoqrafiyanın (bir çoxu xarici dövlətdə nəşr olunmuşdur: Многогранность современной пандемической реальности. СПб.: Издательско-полиграфическая ассоциация высших учебных заведений, 2021. - 300 с.; Механизмы и эффекты преференциального налогообложения юридических лиц. М.: ЮНИТИ-ДАНА, 2024. -351 с.; Теория и прагматика преференциального налогообложения физических лиц. М.: ЮНИТИ-ДАНА, 2024.- 231 с.; Уклонение от уплаты налогов юридическими лицами. Проблемы и перспективы противодействия. М.: ЮНИТИ-ДАНА, 2025. - 303 с.), 7 tədris-metodik vəsaitin, 170 elmi məqalənin (bunlardan 45-i xarici dövlətlərin nüfuzlu, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan elmi jurnallarında çap olunmuşdur), 60-dan çox publisistik məqalənin müəllifidir.
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı 18 mart 2009-cu ildə keçirilmiş referendum üzrə AMEA-nın təşəbbüsü, Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı ilə yaradılmış “Zəka” təşviqat qrupunun vəkili olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş referendum üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda yaradılmış hüquqşünaslarından ibarət Koordinasiya Şurasının üzvü olmuşdur.
AMEA-da hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış hüquqşunas-alimlərdən ibarət İşçi qrupunun üzvüdür.
Hüquq ixtisası üzrə elmi dərəcələrin verilməsi üçün yaradılan Dissertasiya Şuralarının üzvüdür.
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının üzvüdür.
Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasında Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun üzvüdür.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Elmi Şurasının üzvüdür.
Bakı Dövlət Universitetində vergi hüququ ixtisası üzrə təhsil alan magistrlərin dissertasiya işlərinin müdafiəsi üçün yaradılmış İxtisaslaşdırılmış Şuranın üzvüdür.
İşlədiyi müddətdə Azərbaycan Respublikasının Baş prokurorunun və Dövlət Vergi Xidmətinin rəisinin əmrləri ilə ayrı-ayrı illərdə “təşəkkür”, “vaxtından əvvəl xüsusi rütbənin verilməsi” həvəsləndirilmə tədbirləri ilə mükafatlandırmışdır (1995, 1997, 1999, 2020, 2022, 2023, 2024 və 2025-ci illər).
AMEA-nın 70 illik yubileyi münasibəti ilə və uzunmüddətli məhsuldar elmi fəaliyyətinə görə 11 dekabr 2015-ci il tarixdə Fəxri Fərman ilə təltif olunmuşdur.
Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutu tərəfindən “Cahangir Kərimovun 100 illiyi” münasibətilə təsis olunmuş döş nişanı ilə təltif olunmuşdur (2023-cü il).
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2026-cı il tarixli 937 saylı Sərəncamı ilə vergi sisteminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.