Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”nin 1.4-cü maddəsinə əsasən, Tədris Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılmasıdır.
Azərbaycan Respublikasının Vergilər nazirinin əmrinə əsasən, Mərkəzin fəaliyyətinin əsas məsələlərinə baxılması üçün rəisin rəhbərliyi ilə Mərkəzin Elmi Şurası yaradılır. Mərkəzin Elmi Şurasının tərkibinə rəis, onun müavinləri, şöbə və bölmə rəisləri, Mərkəzin bölmə və şöbələrinin seçilmiş aparıcı alim və işçilər, habelə digər təhsil və elm müəssisələrinin aparıcı alimləri daxil ola bilər.
Mərkəzin Elmi Şurası:
- Tədris, tədris-metodik, elmi tədqiqat işinin aparılmasına, kadrların ixtisasının artırılması məsələlərinə rəhbərlik edir;
- Şöbə və bölmə rəislərini seçir;
- Mərkəzin şöbə və bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təqdimat verir;
- Mərkəzin şöbə və bölmə rəislərinin hesabatlarını dinləyir;
-Tədqiqatçılarla iş qaydasını müəyyən edir;
- Əlaqədar bölmə və şöbələrin iştirakı ilə işlənib hazırlanan elmi proqramları və ayrı-ayrı dinləyici qruplar üçün tədris planlarını təsdiq edir;
- Mərkəzin müəllimlərinə və əməkdaşlarına dosent və professor elmi adlarının verilməsi barədə vəsatət qaldırır, onların dissertasiyalarının mövzularını müəyyən edir və planlarını təsdiq edir, hazır olan dissertasiya işlərinin ilkin müzakirəsini həyata keçirir.
Tədris Mərkəzinin Elmi Şurasının fəaliyyətinin əsas istiqamətləri Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilən "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi Şurası haqqında Əsasnamə" ilə müəyyən edilir.
Tədris Mərkəzinin Elmi Şurasının yeni tərkibi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 05 dekabr 2019-cu il tarixli 1917040101621700 nömrəli əmrinə uyğun olaraq aşağıdakı kimi müəyyən edilmişdir:
Elmi Şuranın sədri:
Tədris Mərkəzinin rəisi;
Elmi Şuranın katibi:
Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi;
Elmi Şuranın üzvləri:
Tədris Mərkəzinin rəisinin birinci müavini;
Tədris Mərkəzinin rəisinin müavini;
İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin rəisi;
Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi;
Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin rəisi;
Tədris və metodika şöbəsinin rəisi;
Layihələrlə iş və inkişaf bölməsinin rəisi;
Keyfiyyət təminatı bölməsinin rəisi.