gallery6

“Peşə fəaliyyətinin ümumi əsasları” üzrə təlim başa çatıb

02.12.2019

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” üzrə təlim kurslarının təşkili və keçirilməsi ilə əlaqədar Tədris Mərkəzinin Bakı şəhəri və Şamaxı rayonunda yerləşən inzibati binalarında 30 sentyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş əməkdaşlar üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ilkin peşə hazırlığı təlimləri təşkil edilib.

Təlimlərə vergi siyasəti, idxal-ixrac əməliyyatlarına nəzarət, vergi öhdəliklərinin icrasına nəzarət, operativ vergi nəzarəti, tədris, mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi sahələrində fəaliyyət göstərən 21 nəfər əməkdaş cəlb edilib.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri (idxal-ixrac əməliyyatlarına nəzarət, operativ vergi nəzarəti və vergi öhdəliklərinin icrası sahələri üzrə), ümumiqtisadi mövzular, mühasibat uçotu, idarəetmə və maliyyə savadlılığının artırılması üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi biliklər üzrə mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in alt sistemindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunub.   

26 noyabr 2019-cu il tarixdə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlərə cəlb edilmiş əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı keçirilib.

Kursun yekunu üzrə, 27 noyabr 2019-cu il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə qiymətləndirmə keçirilib. Qiymətləndirmə prosesində iştirak etmiş 21 nəfər stajçı əməkdaşlardan 4 nəfəri “əla” (91% və daha yuxarı – 19,1%), 10 nəfəri “yaxşı” (81–90% - 47,6%) və 7 nəfəri “kafi” (70–80% - 33,3%) qiymət alıb. Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 59,9%, yekun qiymətləndirmə üzrə orta nəticəsi 83,7%, ümumilikdə artım fərqi +23,8 bənd olub.

İmtahanın nəticələri protokollaşdırılmışdır.