XƏBƏRLƏR

Tədris Mərkəzində vergilər nazirinin müavini Sahib Ələkbərovun dinləyicilərlə görüşü keçirilib

22 avqust 2019-cu il tarixdə Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında vergilər nazirinin müavini cənab Sahib Ələkbərovun vergi orqanlarına işə yeni qəbul edilmiş və ilkin peşə təlimlərinə cəlb edilmiş əməkdaşlarla geniş tərkibdə görüşü keçirilib. Görüşdə İnsan resursları baş idarəsinin rəis müavini Nərgiz Muradova və Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev iştirak edib. Görüşün əsas məqsədi dinləyicilərin təlim-tədris fəaliyyəti və onlara yaradılmış şəraitlə tanışlıqdan ibarət olub.

Nazir müavini Sahib Ələkbərov görüş zamanı dinləyicilərin təlimlərə cəlb edilməsinin əsas məqsədi, keçirilən təlimlərin əhəmiyyəti və bu təlimlərin cənab nazirin diqqətində olması barədə məlumat verib.

O, işə yeni qəbul olunmuş əməkdaşlara olan böyük ümidlərin və yüksək  etimadın olduğunu qeyd edib, onların peşəkar vergi işçisi kimi formalaşması üçün öz üzərilərində çox çalışmasını tövsiyə edib.

Nazir müavini Sahib Ələkbərov öz çıxışında həmçinin, Vergilər Nazirliyinin keçdiyi tarixi inkişaf yolundan, Azərbaycan Respublikasının vergi sistemi ilə digər ölkələrin vergi sistemləri arasındakı fərqlərdən danışıb, Azərbaycanın vergi sisteminin formalaşmasında və vergi inzibatçılığının təkmilləşdirilməsində xarici ölkələrin təcrübəsindən istifadə edildiyini qeyd edib.

Sonda o, dinləyicilərə və Mərkəzin əməkdaşlarına uğurlar dilədi.