gallery6

Vergilər Nazirliyi Tədris Mərkəzinin əməkdaşı “Davamlı İnkişafın Sosial və İqtisadi Problemləri” adlı konfransda çıxış etmişdir

21.02.2019

14-15 fevral 2019-cu il tarixində Vergilər Nazirliyi Tədris Mərkəzinin İqtisadiyyat və Menecment kafedrasının müəllimi Aqşin Əliyev Bakıda keçirilən “Davamlı İnkişafın Sosial və İqtisadi Problemləri” adlı 37-ci beynəlxalq konfransda iştirak etmişdir.

Məlumat üçün bildirmək istərdik ki, 37-ci beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (ESD) birgə təşkilatçılığı ilə keçirilmişdir. Konfransın əsas məqsədi innovasiya əsaslı sosial-iqtisadi inkişaf, davamlı inkişafın hədəfləri - fiskal və monetar mexanizmləri, təbii resurs gəlirlərinin sosial-iqtisadi aspektləri, dövlət və özəl sektorun partnoyrluq münasibətləri və sahibkarlıq imkanlarının genişlənməsi kimi mövzuların tədqiqatına yönəlmişdir.

İki gün davam edən tədbirin açılışında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Auditorlar Palatası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və digər dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri və xarici universitetlərin professor heyəti iştirak ediblər

Qeyd etmək lazımdır ki, konfrans çərçivəsində Vergilər Nazirliyinin əməkdaşı, gənc tədqiqatçı Aqşin Əliyevin tədqiqat mövzusu TANAP və TAP layihələrinin səmərəliliyinin qiymətləndirilməsindən bəhs etmişdir. Panel müzakirələrdə iştirak zamanı Avropanın enerji təhlükəsizliyə olan təhdidlər, Avropa İttifaqının enerji təhlükəsizliyi üçün qaz tədarükünün diversifikasiyası – Xəzər hövzəsi və Mərkəzi Asiya regionunun geosiyasi və geoiqtisadi rolundan bəhs edən maraqlı diskussiyalar baş tutmuşdur.

Eyni zamanda Aqşin Əliyev tədbirdə fəal iştirakına görə Təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunmuş və təqdim olunmuş məqalə yazısının konfransın materialları toplusunda nəşr olunması nəzərdə tutulmuşdur.