gallery6

Sahibkarlara onlayn təlim keçilib

31.01.2019

Azərbaycan Dövlət İqtisad Universitetində Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı mikro, kiçik və orta sahibkarlar üçün onlayn təlim təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirə Bakı və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub.

KOBİA-nın sədr müavini Natiq Həsənov bildirib ki, tədbir ölkənin 8 regionunda canlı yayımlanır və 700-800 iş adamının onu izləmək imkanı var. Qeyd olunub ki, təlim zamanı sahibkarlar istədikləri sualı verib, cavab ala bilərlər. Təlimin keyfiyyətinin təmin edilməsi üçün universitetin Distant Mərkəzinin imkanlarından istifadə olunub.

Onlayn təlimə ekspert qismində Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları cəlb olunublar. Mərkəzin nümayəndəsi Rəşad Əhmədov bildirib ki, son dəyişikliklərlə Vergi Məcəlləsinə bir sıra yeni anlayışlar əlavə edilib: onlardan biri "innovasiya fəaliyyəti", digəri isə "KOB klaster" anlayışıdır ki, bunlar da KOBİA-nın sertifikat verdiyi şirkətlər olacaq.