XƏBƏRLƏR

Vergilər nazirliyinin nümayəndə heyətinin İsveç Krallığına səfəri barədə

2018-ci ilin 19-21 sentyabr tarixlərində vergi orqanlarında təlim, tədris ve elmi-tədqiqat məsələləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin 1-ci müavini Ceyhun Mehdiyev və rəisin elmi-tədqiqat işləri üzrə müavini Mirəli Kazımov İsveç Krallığına işçi səfər etmişlər.

Vergilər nazirliyinin nümayəndə heyəti İsveç Vergi Agentliyi tərəfindən yüksək səviyyədə qəbul edilmiş və hər iki ölkənin vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən görüşlər səmərəli əməkdaşlıq şəraitində baş tutmuşdur.

Səfər zamanı “Təlim”, “Təlimin həyata keçirilməsi”, “İri vergi ödəyicilərinin vergiyə cəlb olunması”, “Elektron pulların vergiyə cəlb olunması və bu mövzuda təlimlərin həyata keçirilməsi məsələləri”, “İsveç Vergi Agentliyi tərəfindən həyata keçirilən araşdırmalar” kimi mövzularda müzakirələr həyata keçirilmiş, tərəflər üçün  qarşılıqlı maraq doğuran bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşlər zamanı Azərbaycanın və İsveçin vergi administrasiyaları arasındakı əməkdaşlığın gələcək perspektivləri istiqamətində müzakirələr aparılmış, münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış və hər iki ölkədə vergitutmanın müxtəlif növlərinə dair birgə təlimlərin, konfransların və iclasların həyata keçirilməsi imkanları qeyd olunmuşdur.