XƏBƏRLƏR

Tədris Mərkəzində vergi qanunvericiliyində vahid yanaşmanın müəyyən edilməsinə həsr olunmuş elmi seminar keçirilmişdir

6 mart 2020-ci il tarixdə Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cü il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər ilə əlaqədar vahid yanaşmanın tətbiqi ilə bağlı icra və rəhbərlik üçün daxil olmuş 06.02.2020-ci il tarixli 2017030002579100 nömrəli məktubunda qoyulan məsələlərin elmi aspektlərinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminar Mərkəzin Vergi qanunvericiliyinin tədrisi və Elm, innovasiya və əməkdaşlıq şöbələri tərəfindən birgə təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Mərkəzin rəis müavini Mirəli Kazımov tədris fəaliyyətini həyata keçirən şöbələr ilə bilavasitə elmi tədqiqat ilə məşğul olan şöbənin birgə elmi tədbirlər təşkil etməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, bu cür tədbirlərin gələcəkdə Mərkəzin digər şöbələri ilə də keçirilməsinin əhəmiyyətli olacağını diqqətə çatdırdı.

Mərkəzin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov və Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev Vergi Məcəlləsinin 56.1, 93.1.3, 164.1.51-ci maddələrinin tətbiqi, habelə güzəştli vergi tutulan ölkələrdə aparılan əməliyyatlar və malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı mövqeləri, həmin qanunvericilik normalarının doktrinal şərhi ilə bağlı fikirləri seminar iştirakçlarının diqqətinə çatdırmış, Vergilər Nazirliyinin 06.02.2020-ci il tarixli 2017030002579100 nömrəli məktubunun vergi qanunvericiliyinin tətbiqi sahəsində vahid yanaşmanın müəyyən edilməsi üçün əhəmiyyətini qeyd etmişlər.   

Seminar diskussiya şəraitində, interaktiv formada keçmiş, müzakirələrdə Mərkəzin əməkdaşları fəal iştirak etmişdir.

Seminara yekun vuran Tədris Mərkəzinin rəisi Şahin Bağırov tədbirin əhəmiyyətini vurğulayaraq, gələcəkdə bu cür elmi əməkdaşlıq fəaliyyətinin davam etdirilməsinin vacibliyini, müzakirələrə müvafiq strukturların nümayəndələrinin dəvət edilməsinin, o cümlədən seminarda səsləndirilən fikir və mövqelər ilə bağlı müəyyən təkliflər layihəsinin və ya elmi məqalələrin işlənib hazırlanmasının məqsədəuyğunluğunu qeyd etmişdir.