Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” üzrə təlim kurslarının təşkili və keçirilməsi ilə əlaqədar Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında 28 oktyabr 2019-cu il tarixdən 17 dekabr 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş stajçı əməkdaşlar üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ilkin peşə hazırlığı təlimi təşkil edilib.
Təlimə vergi ödəyicilərinə xidmət və hüquqi təminat sahələrində fəaliyyət göstərən 9 nəfər əməkdaş cəlb edilib.
Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, ümumiqtisadi mövzular, idarəetmə və maliyyə savadlılığının artırılması, “Microsoft Office” proqramları, vergi orqanlarında xidmətkeçmə, AVİS-in müvafiq alt sistemindən istifadə qaydaları, Mərkəzi Aparatın və Vergilər Nazirliyinin baş idarələrinin iş prinsipləri, funksional sahələri barədə məlumatlandırma xarakterli mövzular, xidmət strukturlarında vergi inzibatçılığının tətbiqinin spesifik xüsusiyyətləri, hüquq strukturlarında vergi inzibatçılığının tətbiqinin spesifik xüsusiyyətləri ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə ümumilikdə, 262 tədris saatı ayrılıb.
Təlim dövründə sosial-mədəni tədbirlər çərçivəsində idman yarışları, ağacəkmə aksiyası keçirilib, təlimin dinləyicilərinə vergilərə və Azərbaycan tarixinə dair filmlər nümayiş etdirilib.
13 dekabr 2019-cu il tarixdə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlimlərə cəlb edilmiş əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı keçirilib. Təqdimatda 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin hüquqşünası Paşayev Kamran Natiq oğlu və Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Xidmət mərkəzləri şöbəsinin Nərimanov xidmət mərkəzi bölməsinin dövlət vergi müfəttişi Əliyeva Səbiyə Camaləddin qızı sərbəst mövzu təqdimatı zamanı xüsusilə fərqlənmişlər, onların gələcəkdə təlimçi kimi tədris prosesinə və tədqiqat işlərinin aparılmasına cəlb edilməsi məqsədəmüvafiq hesab edilərək adları aidiyyəti üzrə İnsan resursları baş idarəsinə təqdim edilib.
Kursun yekunu üzrə, 17 dekabr 2019-cu il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə qiymətləndirmə keçirilib. Qiymətləndirmə prosesində iştirak etmiş 9 nəfər stajçı əməkdaşlardan 1 nəfəri “əla” (91% və daha yuxarı – 11,1%), 5 nəfəri “yaxşı” (81–90% - 55,6%), 1 nəfəri “kafi” (70–80% - 11,1%), 2 nəfəri isə “qeyr-kafi” (70%-dən aşağı – 22,2%) qiymət alıb.