15 noyabr 2019-cu il tarixində Qusar rayonu Qadın Resurs Mərkəzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Əməkdaşlığının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən birgə həyata keçirilən “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində gənc sahibkarlar və peşəkar ekspertlərin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin müəllimi Tural Abbasov əmək müqaviləsinin əhəmiyyəti, əmək müqaviləsi bağlanmadığı zaman həyata keçirilən məsuliyyət tədbirləri, muzdlu işlə əlaqədar gəlir vergisi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əsasında fəaliyyətin həyata keçirilməsi və digər maraqlı və zəruri mövzular üzrə çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.