Səlcuqlar dövrü
IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq
mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu
almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik)
və ya mülkədar dövlətə xərac, yəni yeni torpaq vergisi verirdi. Dövlətə məxsus,
yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani deyilirdi. Bu dövrdə şərti
torpaq mülkləri – iqta sistemi inkişaf etməkdə idi. Zaman keçdikcə iqta
torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. Bu dövrdə icma torpaqları
da mövcud idi. İcma torpaqları dövlətin mülkiyyətində idi. Buna görə də həmin
torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq
vergisi – xərac verirdi. Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi
uşr və ya üşr (onda bir), sonralar
isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icazə
kağızına qəbalə deyilirdi. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil,
maliyyə müfəttişləri isə mütəsərrif adlanırdılar. Amillər xəracı özbaşına
artırırdılar və bəzən məhsulun yarısı kəndlinin əlindən alınırdı. Xərac əvvəllər
əsasən məhsulla alınırdı. Azərbaycan kəndliləri X-XI əsrlərdə xəracın müəyyən
hissəsini pulla ödəyirdilər. Bu, hələ o zaman Azərbaycanda əmtəə-pul
münasibətlərinin inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri Azərbaycandan
ildə 4-4,5 milyon dirhəm xərac toplandığını qeyd edirlər. Xəracdan başqa
müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki, buna da zəkat və ya sədəqə
deyilirdi. Müsəlman olmayan əhalidən can vergisi – cizyə alınırdı. Böyük Səlcuq
imperiyasının yaranması ilə torpaq mülkiyyəti və vergi sistemində ciddi
dəyişikliklər baş verdi. Əhalidən ənənəvi vergilərdən əlavə səlcuq döyüşçüləri
üçün silah və şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah,
şərab bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların
hazırladığı sənət məhsullarından pay alınmağa başlandı. Ümumiyyətlə, XI-XIII
əsrin əvvəllərində əhalinin müxtəlif təbəqələrinin xərac, üşr, cizyə, haqq,
alaf, nüzl, əvariz, qismət, təyyarət, dəraib və bir çox başqa vergi, rüsum və
mükəlləfiyyətlər ödədiyi məlumdur.