XVI-XVII
əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi:
torpaq və gəlir vergisini – malcəhət, bəhrə, xərac natura ilə ümumi məhsulun
1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında
bölünürdü. Birinciyə 1/10, ikinciyə 2/10 hissə çatırdı. Bağbaşı – məhsulun
1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu – örüşdə heyvanları otarmaq üçün
alınırdı. Dəh-yek (onda bir) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10
faizi alınırdı. Cüftbaşı – torpağı əkib-becərmək üçün bir cüt qoşqu vasitəsi
olanlardan alınırdı. Dəzgahbaşı – hər bir toxucu dəzgahından istehsal edilən
məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və müxtəlif vergilərin
məcmusu mənasında işlənirdi: dövlət canişinləri, hərbi xidmətdə olanların və
əyanların tələbatını ödəmək üçün alınırdı. Ot-alafa - yük heyvanları, atlar üçün
alınırdı. Ulafa (ərzaq) - bir nəfərin (hərbçi, canişin və s.) yaşaması üçün
alınan vergi idi. Bu iki vergi
bəzən pulla da alınırdı. Qonalqa - əyanların kəndlinin evində düşərgə salmaq
hüququ idi. Kəndli əyanı, onu müşayiət edənləri yataqla təmin etməli,
yedirtməli, atlarını yemləməli idi. Təyin isə şəhər və kəndlərdə xarici
dövlətlərin səfirlərinə və onları müşayiət edənlərə qulluq etmək üçün əhalidən
alınan məbləğ idi. Ulaq və ulam - kəndli şah çaparlarının ixtiyarına minik, yük,
qoşqu atları verməli idi. I Şah Abbasın əmri ilə alafa, ulafa, biyar, ulaq,
peşkəş, salami, şiltaqat kimi əvvəlcədən nəzərdə tutulmamış, təsadüfi səciyyə
daşıyan bütün töycü növləri “ixracat” və “əvazirat”a daxil edilmişdi. Rüsum -
dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi idi. Səvari
əhalinin hakim sülalənin üzvlərinə - sərkərdələrə, yeni fəth edilmiş yerlərə
gələn tanınmış adamlara (Novruz bayramı münasibətilə) verdiyi hədiyyə idi. O,
bəzən novruzi adlanırdı. Tərh - dövlətə və feodala məxsus olan malın bazar
qiymətindən yuxarı zorla kəndliyə satılması və yaxud dövlətə və feodala lazım
olan malın bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz - aşağı
səviyyəli dövlət icraedici şəxslərin xidmətinə görə verilən vergi idi. Başpulu -
yetkin kişi cinsinə mənsub şəxslərdən alınırdı. Otaqxərci (həmçinin yurtanə) -
hər evdən, hər ailədən alınan vergi idi. Cizyə - xristianlardan alınırdı. Biyar
- kəndlinin feodal və ya dövlət üçün zorla, pulsuz işləməsi idi. Bütün ailə
üzvləri növbə ilə 2 gündən 6 günə qədər biyara getməli idi. Çərik – döyüşən
orduya kənar vilayətlərdən göndərilənlərdən alınırdı. Bunlardan başqa tüstü
pulu, alaçıq pulu və s. alınırdı. XVII əsrdə vergi və mükəlləfiyyətlərin sayı
35-ə çatmışdı. Onların
arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Ölkədə əmtəə-pul
münasibətləri inkişaf edirdi. Dövlət xəzinəsinin müflisləşməsi ilə əlaqədar
olaraq, vergilərin məbləği kəskin surətdə artırıldı. 1699-1702-ci illərdə
əhalinin yeni siyahıyaalınması keçirildi. Bu siyahıyaalınma zamanı vergilər 3
dəfə artırıldı. XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı
rəiyyət və elatların boynuna düşürdü. İranda mövcud olan vergilər Azərbaycanda
da tətbiq olunurdu: torpaq vergiləri (malcəhət, uşr, çobanbəyi), adambaşına
alının vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün (ulufa, sursat, əsb-e
çapar), hərbi qulluq mükəlləfiyyəti (çərik), şah və dövlət məmurlarının xeyrinə
toplanan vergi (ruşmat, təhzilat, peşkəş, xərc-e tə’yin mütərəddin), dövlət və
feodallar üçün görüləcək işlər (bikar və əvazir), torpaqbasdı vergisi (rahdari)
və s. Vergilər dövlət xəzinəsini dolduran yeganə mənbə idi. Vergi verməkdən
boyun qaçırmasınlar deyə, şah hökuməti 15 yaşına çatmış bütün kişi cinsindən
olanları siyahıya alırdı.
1736-cı ildə Səfəvilər dövləti süqut etdi və tezliklə Azərbaycan ərazisində
Şəki, Qarabağ, Quba, Gəncə, Naxçıvan xanlıqları kimi feodallıqlar yarandı.