XIII-XIV əsrlərdə Azərbaycan
torpaqlarının çox böyük bir qismi monqol hakim dairələrinin əlinə keçmişdi.
Elxanın və sülalə üzvlərinin əlində olan torpaqlar «incu» adlanırdı. Bu dövrdə
iqta institutu qüvvətlənmişdi. Torpaqların bir hissəsi kənd icmasının
ixtiyarında qalırdı. Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi.
Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və rüsum
verirdi. Torpaq vergisi - xərac natura ilə alınırdı və ilk Hülakülər dövründə
taxıl məhsulunun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanırdı. Oturaq
əhali bu vergini 1-7 dinaradək pulla, köçərilər isə mal-qara ilə verirdilər.
Monqol qoşunlarının saxlanması
üçün əhali üzərinə xüsusi vergi – tacar qoyulmuşdu. Hökmdarlar əhalidən bazar
qiymətindən aşağı qiymətə müxtəlif istehlak malları alır və ya tacirləri bazar
qiymətlərindən yuxarı qiymətə məhsul almağa məcbur edirdilər. Gömrükxanalarda
bac alınırdı. Mövcud vergilər zəhmətkeşlərin gəlirinin 3/4 hissəsini aparırdı.
Vergi toplamaqla ayrıca idarə - divan məşğul olurdu. Divan vergiləri ya dövlət
darğaları vasitəsilə, ya da vergi yığmaq hüququnu icarəyə vermək (müqatiə) yolu
ilə toplanırdı. Azərbaycanın cənub vilayətlərində toplanan vergi 210 tümənə (1
tümən - 10 min dinar), şimal vilayətlərində toplanan vergi isə 54 tümənə
çatırdı. Vergi verə bilməyənlərə icbari əmək müəyyən edilirdi. Xəzinə gəlirinin
azalması, kəndlilər arasında qaçqınlıq və ixtişaşların artması ilə əlaqədar
olaraq Keyxatu xan pul islahatı keçirdi: ölkədə kağız pullar - çav tədavülə
buraxıldı. Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət
dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək, dövlət
gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi. Divan torpaqlarından əkin
sahələri irsi iqta hüququ əsasında kəndlilərə paylandı. Qazan xan vergi
sistemini qaydaya salmağa çalışaraq müqatiəni məhdudlaşdırdı. İslahat müəyyən
dərəcədə kənd təsərrüfatı istehsalının yüksəlişinə, gəlirin artmasına və onun
xəzinəyə daha müntəzəm yığılmasına
səbəb oldu.