VII
əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövləti –
Xilafət meydana gəldi. 633-651-ci illərdə Azərbaycan Xilafətə birləşdirildi.
Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII
əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman
icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarşı
münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin
ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə
(beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər. Əsasən, silah gücünə
ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı
münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə
tənzimlənirdi. Hər bir belə müqavilə, başqa şərtlərlə yanaşı, birdəfəlik və
illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli
əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə
mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının
himayəsində qalır, torpaq vergisi – xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi
can vergisi – cizyəni də ödəyirdilər. Müsəlman qanunvericiliyinə – şəriətə görə
cizyə hər il ancaq kişilərdən, özü də onların sənət və ya ticarətdən əldə
etdikləri qazancdan asılı olaraq alınırdı.
Varlılar 48, ortabablar 24,
yoxsullar isə 12 dirhəm ödəyirdilər. Əgər can vergisi – cizyə ancaq
qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi – xərac həm müsəlmanlardan, həm
də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyrimüsəlmanlar
bu vergini
ikiqat həcmdə
ödəyirdilər. Xəlifə
Hişam dövründə (724-743)
ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz
qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən
biri kimi fərqləndirməyə başladılar. 725-726-cı ildə Hişamın sərəncamına görə,
Azərbaycanda əhali, torpaq, mal-qara və hər cür başqa əmlakın yeni
siyahıyaalınması keçirildi. Bu məqsədlə o, öz sərkərdəsi Haris İbn Əmri Arrana
göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb
olan bu yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Bu
siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə
yanaşı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə
sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə
II Ömər zamanı ləğv edilmiş əvvəlki Sasani vergiləri
- “Novruz və Mihrican hədiyyələri” bərpa edildi. Belə vergi sistemi təkcə
yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. Əgər
Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə,
Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu
natura içərisində zinət əşyaları və ərəblərdə az tapılan mallar üstünlük təşkil
edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən
geniş tətbiq edilməyə başlanmışdı. Onun dövründə misahə adlanan xərac,
əkilib-əkilməməsindən asılı olmayaraq, torpaq sahəsinə görə pulla, yəni hələ
Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Əl-Mənsurun varisi xəlifə
əl-Mehdinin dövründə (775-785) onun sərəncamına görə xəracalma sistemi
dəyişildi. Misahə xəracı – torpağın sahəsinə görə alınan vergi əvəzinə
müqasəmə xəracı – məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan
torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan
məhsulun 1/3-i, duləblə- suvarılan torpaqlardan məhsulun 1/4-i alınırdı. Lakin
əl-Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm bağlarına xərac qoyuldu.
Torpaq vergisi və can
vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan
alınan, gəlirin 1/5-i bərabər olan vergi; zəkat – yoxsulların xeyrinə varlı
müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr – orucluğun başa çatması
münasibətilə verilən pay – fitrə; sədəqə – yoxsullara verilən ianə; uşr –
məhsulun 1/10-nə bərabər vergi. Xüms – pul və ya natura şəklində dinc yolla ələ
keçirilmiş əmlakdan, əməkhaqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin
müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən
alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya
müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli
idi. Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan
başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və
arpadan zəkat məhsul yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə
müəyyənləşdirilirdi. Zəkat əlfitrə – ildə bir dəfə, orucluq ayının başa çatması
münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə
görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq
buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara
bərabər idi. Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından
satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa
məhsullardan natura ilə alınan onda bir vergisi idi. Şirvanda (Bakıda) bunlardan
başqa, neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu. Bütün bunlar isə
xilafətə qarşı mübarizə meyillərinin güclənməsinə səbəb olurdu. Belə bir
şəraitdə Azərbaycanda Sacilər (889-942-ci illər) dövləti meydana gəldi. Bu
dövlət 912-ci ilə qədər hər il xilafətin xəzinəsinə 120 min dinar xərac verirdi.
912ci ildə Saci hökmdarı Yusif xilafətə xərac verməkdən imtina etdi və
Azərbaycanın vilayətlərindən toplanan vergilər Sacilərin xəzinəsinə daxil olmağa
başladı. Ümumilikdə Azərbaycandan toplanan xəracın məbləği o dövr üçün 500 min
dinar təşkil edirdi (1 dinar = 15 dirhəm).