Sasanilər dövründə vergilər

 

Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini - əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastrioşansalar dururdu. O, eyni zamanda maliyyə idarəsinin başçısı hesab olunurdu. Bütün vergi verənlər zümrəsi qezit adlanan can vergisi və fövqəladə vergilər ödəyirdilər. Kəndlilərdən xaraq adlanan torpaq vergisi tutulurdu. Kəndlilərin üzərinə bir sıra mükəlləfiyyətlər də qoyulmuşdu. Onlar irriqasiya qurğularının, qalaların və inzibati binaların tikintisinə cəlb edilirdilər. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsindən bir dirhəm, bir qarib üzümlükdən 8 dirhəm, bir qarib qarayonca sahəsindən 7 dirhəm alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 dirhəm vergi tutulurdu. I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaşlı kişilərdən 12, 8, 6 və 4 dirhəm can vergisi müəyyən edilmişdi. Kübar nəsillər, əyanlar, döyüşçülər, katiblər, kahinlər və məmurlar can vergisindən azad idilər. Vergilərin ödənilməsi çətin olduğundan dörd aydan bir, yəni ildə üç dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa vergilər də tutulurdu.