Vergilər Nazirliyi yaradıldıqdan sonra ulu öndərin verdiyi dəyərli tövsiyələrə
əsaslanaraq vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı
hazırlıq işlərinə başlanılmışdı.
Vahid və çevik bir strukturun
yaradılması məqsədi ilə qabaqcıl dünya təcrübəsi araşdırılmış, müxtəlif
idarəetmə modelləri təhlil edilmiş və yekunda vergi orqanlarının funksional
əsasda fəaliyyət göstərən strukturunun tətbiqinə üstünlük verilmişdi.
Vergilər Nazirliyinin strukturunun funksional əsasda yenidən təşkilinə
hazırlığın aparılması və vergi inzibatçılığının beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədilə Nazirliyin ərazi üzrə Vergilər İdarəsinin pilot
(təcrübə) strukturu təsdiq olunmuşdur. Funksional əsasda fəaliyyət göstərəcək
yeni strukturun fəaliyyət prinsipləri və səmərəliliyi müəyyən edildikdən sonra
2000-ci ilin sonundan etibarən təcrübədə özünü doğruldan yeni strukturun digər
rayonlarda da tətbiqinə başlanıldı.
Adekvat islahatlar Vergilər Nazirliyinin mərkəzi aparatında da aparıldı. Bu
struktur bazar münasibətləri şəraitində Ümummilli Lider Heydər Əliyevin
vergi orqanlarının qarşısında qoyduğu vəzifələrin daha ciddi yerinə
yetirilməsinə və çevik vergi siyasətinin həyata keçirilməsinə xidmət etməli idi.
Beləliklə, vergi sistemində yaradılan yeni struktur əvvəlkindən fərqli olaraq
vergi siyasətinin daha uğurla həyata keçirilməsinə və vergilər sahəsində güclü
nəzarət sisteminin tətbiqinə imkan verən mexanizm kimi müsbət keyfiyyətləri
özündə birləşdirirdi.
Vergi Məcəlləsinin qəbul edilməsi, yeni və vahid qanunvericilik bazasının
yaradılması vergi sistemində aparılan islahatlara mühüm bir təkan verməklə
dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoydu. Xüsusilə
qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin hazırlanması prosesi Heydər Əliyevin
birbaşa rəhbərliyi ilə aparılmış, onun ayrı-ayrı hissələri dövlət başçısı
yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın
sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və
digər məsələlər barədə dahi şəxsiyyət Heydər Əliyevin dəyərli tövsiyələri bu
işin uğurla başa çatdırılmasına imkan vermişdir. Vergi Məcəlləsinin qəbul
edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara
uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addımlardan biri idi. Sənədin
qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı.
Vergi siyasətinin təkcə
büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də
ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə
əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq
kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr
qoyuldu. Vergi Məcəlləsində əvvəllər tətbiq olunan 13 vergi növündən 9 vergi
növü təsbit olunmuş, əksər vergi növləri üzrə dərəcələr aşağı salınmış, aksizə
cəlb olunan malların siyahısı azaldılmışdır. Eyni zamanda, Vergi Məcəlləsində
vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi,
ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi
orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma
məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları,
vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar müəyyən
edilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ölkədə sabit vergi mühitinin
yaradılmasına, vergi yükü azaldılmasına, vergi güzəştləri sisteminin tətbiq
edilməsinə, azad sahibkarlığın stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq
və mənafelərinin qorunmasına xidmət edən müddəalar Vergi Məcəlləsinə daxil
edilmişdir. Son 10 ildə mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin
dərəcəsi 20%-dən 18%-ədək azaldılmış, fiziki şəxslərin gəlir vergisinin
hesablanması mexanizmi sadələşdirilərək, bu verginin hesablanması şkalası 6
pilləlidən 2 pilləliyə endirilmiş, iki vergi dərəcəsi (14% və 25%) saxlanılmış,
fiziki şəxslərin vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2000
manatadək artırılmışdır. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə
kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün
vergilərdən azad edilmiş, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz
məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilmiş, bankların,
sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının
artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunmuşdur.
Vahid normativ-hüquqi bazanın yaradılması ilə yanaşı, vergi orqanlarının
strukturunda təhqiqat və istintaq aparan, habelə əməliyyat-axtarış fəaliyyətini
həyata keçirən qurumun yaradılması çox böyük əhəmiyyət kəsb edirdi. Bununla
əlaqədar vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə digər
istiqamətlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyev
bu məsələyə də həmişə diqqət göstərmiş və müvafiq tapşırıqlar vermişdir.
Belə ki, ulu öndər 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər
işçiləri ilə və 5 may 2000-ci il tarixdə «Vergi Məcəlləsinin» layihəsinin
müzakirəsi ilə əlaqədar keçirdiyi müşavirələrdəki çıxışlarında vergi
hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizə aparılması
üçün vergi xidməti orqanlarına əlavə səlahiyyətlərin verilməsinin zərurətə
çevrildiyini vurğulamışdır.
Qeyd olunan tapşırığı icra etmək məqsədilə 29 may 2000-ci il tarixdə Hüquq
Mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsi yaradıldı. Bu idarənin
yaradılması ilə Vergilər Nazirliyində hüquq-mühafizə orqanları səlahiyyətlərini
həyata keçirən strukturun təməli qoyulmuş və Respublikanın hüquq-mühafizə
orqanları ilə vergi orqanlarının işgüzar əlaqələndirmə sistemi təşkil
edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci
il tarixli Fərmanı ilə Vergilər Nazirliyinə təhqiqat və istintaq aparılması
səlahiyyətləri verilmişdir. Bu Fərmanın icrası ilə əlaqədar Hüquq mühafizə
orqanları ilə əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin
İbtidai Araşdırılması İdarəsi, daha sonra isə nazirlikdə aparılan struktur
dəyişiklikləri ilə bağlı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamenti yaradılmışdır.
2000-ci ildən başlayaraq vergi xidmətinin tarixində ilk dəfə olaraq vergi
təbliğatı, vergi ödəyicilərinin vergi məsələləri üzrə məlumatlandırılması,
əhalidə vergi mədəniyyətinin və təfəkkürünün formalaşdırılması sahəsində işlərin
təşkili respublikanın vergi sistemində aparılan islahatlara paralel olaraq
həyata keçirilməkdədir. Vergi ödəyicilərinə xidmət üzrə hələ 2000-ci ildə MDB-yə
üzv dövlətlər arasında ilk dəfə olaraq respublikamızın yerli vergi orqanlarında
məlumatlandırma şöbələri yaradıldı. Vergilər Nazirliyinin funksional idarəetmə
mexanizminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və
vergi təbliğatı tədbirlərinin gücləndirilməsi, yerli vergi orqanlarında xidmət
işinin yüksək səviyyədə təşkilinin
təmin olunması məqsədilə 2002-ci ilin sonunda Nazirliyin Mərkəzi aparatında
Vergi ödəyicilərinə xidmət idarəsi təşkil edildi. 2000-ci ildə Vergilər
Nazirliyinin rəsmi internet səhifəsi yaradılmışdır ki, onun vasitəsilə
qanunvericilikdə baş verən dəyişikliklər, vergilərə dair normativ aktlar
operativ qaydada vergi ödəyicilərinə çatdırılır.
Vergi ödəyiciləri tərəfindən mövcud bəyannamələrin və vergi ödəyicilərinin
uçotuna dair sənəd formalarının əldə edilməsi imkanlarını genişləndirmək
məqsədilə onların elektron formaları hazırlanmış və internet saytında
yerləşdirilmişdi. Bunlarla yanaşı olaraq, 2001-ci ildə vergi orqanlarının
vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının
artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına
dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris
Mərkəzi, iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə
münasibətlərin daha səmərəli qurulması üçün İri Vergi Ödəyiciləri ilə İş üzrə
Departament (hazırda Xüsusi Rejimli Vergi Xidməti Departamenti) yaradılmışdır.
Vergi orqanlarında yeni idarəetmə modelinin qurulması məqsədilə 2002-ci ilin
sonunda vergi sistemində geniş struktur islahatları həyata keçirilmişdir. Belə
ki, təşkilati-idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə respublikanın
ərazisində ümumilikdə 54 rayon və şəhər vergi orqanları ləğv edilmiş, onların
əvəzində hər biri bir neçə rayon və şəhəri əhatə edən 12 Ərazi Vergilər
İdarələri yaradılmışdır. Paytaxt üzrə isə Bakı şəhərinin Baş Vergilər İdarəsi və
11 rayonu üzrə vergi idarələri ləğv edilərək onların əvəzində Bakı şəhəri
Vergilər Departamenti təşkil edilmişdir.
Bütün bunlar deməyə əsas verir ki, Respublikamızda vergi
sahəsində kompleks islahatlar apanlmasının başlıca məqsədi aşağıdakılardır:
-təkmil qanunvericilik bazasının yaradılması,
-vergi administrasiyasının müasirləşdirilməsi,
-adekvat kadr siyasətinin aparılması,
-ən yeni texnologiyalarla dəstəklənən modern bir xidmətin qurulması.