Vergi siyasəti də daxil olmaqla, iqtisadi siyasət sahəsində kompleks tədbirlərin
həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr
tarixli 800 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında əks olunmuşdur.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında bilavasitə və dolayısı ilə Vergilər Nazirliyinə
aid tədbirlərin, o cümlədən aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi
dərəcələrinin optimallaşdırılması və digər tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Bu məqsədlə
növbəti illərdə “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji
Plan” həyata keçiriləcəkdir.
Strategiyanın əsas missiyası:
1.Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmaq üçün mütərəqqi, mükəmməl
və beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşması;
2. Qeyri-neft sektorunun inkişafının stimullaşdırılması, vergi daxilolmalarının
artırılması, innovasiya yönümlü iqtisadiyyatın inkişafını təmin edən və
qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin
formalaşdırılması;
3. Vergi ödəyiciləri ilə vergi orqanları
arasında partnyorluq prinsiplərinə əsaslanan keyfiyyətcə yeni əməkdaşlıq
prinsiplərinin yaradılması;
4. Əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergi ödəmə vərdişlərinin
cəmiyyətin normasına çevrilməsinə nail olunması.
Azərbaycanın vergi sistemi sosial-iqtisadi inkişafın təmin edilməsində və
sahibkarlığın inkişafının sürətləndirilməsində, büdcə gəlirlərinin
formalaşmasında əsas mənbə kimi tanınacaqdır. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi çevik və onun qarşısında qoyulan problemləri operativ şəkildə
həll etmək imkanlarına malik olan mərkəzi icra hakimiyyəti orqanı kimi
fəaliyyətini daha da gücləndirəcəkdir. İnformasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi, elektron xidmətlərin keyfiyyətcə yeni prinsiplər əsasında
qurulması Vergilər Nazirliyinin bu sahədə tutduğu mövqeyi əhəmiyyətli dərəcədə
gücləndirəcək və onun nüfuzunu artıracaqdır.