3. Vergi inzibatçılığın təkmilləşdirilməsi.

 

2005-ci il Azərbaycanın vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. Prezident  İlham  Əliyevin 12 sentyabr  2005-ci il tarixdə imzaladığı «Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqrammı (2005-2007-ci illər)», həmçinin 21 oktyabr 2005-ci il tarixdə təsdiq etdiyi «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan) qəbul edilməsi vergi orqanları qarşısında çox mühüm vəzifələr müəyyənləşdirmişdir.

  Bu tədbirlərin davamı olaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş fəaliyyət planına əsasən bir çox sahələrdə, o cümlədən vergi sahəsində, qanunvericiliyin və inzibatçılığın beynəlxalq standartlarına uyğun təkmilləşdirilməsi tələb olunur. Bu strateji prioritetlər və ölkənin maliyyə imkanlarının sürətlə artması vergi qanunvericiliyinin və inzibatçılığının beynəlxalq standartlara uyğunlaşma proseslərinin daha sürətlə aparılmasına tələblər və eyni zamanda imkanlar yaradır.

  İdarəetmə sistemində və qanunvericiliyin formalaşmasında aparılan islahatlardan sonra 2005-ci ildə başlanmış inzibatçılığın təkmilləşdirilməsi prosesi informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə sistemli şəkildə həyata keçirilir. Faktiki olaraq 2005-ci il vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olmuşdur. Məhz bu ildən başlayaraq vergi xidmətində Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinin Dövlət Proqramının (2005-2007-ci illər) icrasına başlanmış, üç il ərzində 5 əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılmışdır. Belə ki, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsinə nail olunmuş, vergidən yayınma halları ilə mübarizə gücləndirilmiş, vergilərin məcburi ödənilməsi sistemi təkmilləşdirilərək və vergi borclarının yaranmasının qarşısı alınmış, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sistemi inkişaf etdirilmiş, müasir informasiya-kommunikasiya sistemləri yaradılmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vergi sisteminin inkişafına daim diqqət göstərir, bu sahədə verdiyi tapşırıqlar əsasən dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələr aparılmasından, vergi orqanları ilə vergi ödəyicilərinin arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılmasından, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlərin davam etdirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramını (Elektron Azərbaycan)” rəhbər tutularaq 2006-cı ildən başlayaraq  Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” (AVİS) tətbiq edilir. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər) vergi xidmətinin inkişafına verdiyi mühüm töhfələrdən biri, heç şübhəsiz, ümummilli lider Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli sərancamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" əsasında işlənib hazırlanmış və 2006-cı ildə tətbiqinə başlanılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemidir .

AVİS- Vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ən mühüm nailiyyətlərdən olan AVİS-in əsas məqsədi büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması, çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün səmərəli informasiya dəstəyinin təmin edilməsidir. AVİS-in tətbiqi nəticəsində Azərbaycanın vergi xidməti nəinki MDB məkanında, hətta Şərqi Avropada da ən müasir informasiya texnologiyalarına malik xidmətlərdən birinə çevrilmişdir. AVİS layihəsinin reallaşdırılması nəticəsində vergi siyasətinin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən modern texnoloji dəstək təmin edilmişdir.

Hazırda ölkəmizdə vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi korporativ şəbəkə sistemi üzərindən AVİS vaitəsilə həyata keçirilir. Bu sistem vergi ödəyiciləri ilə bilavasitə işləyən yerli vergi orqanlarının funksional fəaliyyətinin avtomatlaşdırılması, digər dövlət qurumları ilə inteqrasiya, eyni zamanda müxtəlif iqtisadi təhlillərin və proqnozlaşdırmanın aparılması imkanlarına malikdir.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi Vergilər Nazirliyinin bütün strukturlarına vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanını verir. Sistemin əsas üstünlüklərindən biri digər qurumların informasiya sistemləri ilə (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi, Baş Xəzinədarlıq, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Dövlət Miqrasiya Xidməti, Mərkəzi Bank, kommersiya bankları və s.) effektiv qarşılıqlı məlumatlar mübadiləsi imkanının olmasıdır.

     AVİS-də sənədlərə və hesabatlara vahid istifadə hüququ, məlumatların bir dəfə yığılması, asılı olmamaq platforması, digər tətbiqi sistemlər və verilənlər bazaları ilə inteqrasiya üçün qabaqcıl texnoloji vasitələrdən istifadə olunması təmin edilmişdir.

Sistem müxtəlif şəbəkə mühitində (Internet/Intranet) özündəki məlumatların icazəsiz girişinə və müdaxiləsinə qarşı yüksək dərəcədə müdafiəni təmin etmək şərti ilə fəaliyyət göstərir. AVİS-də yüksək təhlükəsizlik tədbirləri təmin edilmişdir. Bunlara:

istifadəçinin vəzifə səlahiyyətlərindən asılı olaraq məlumatlara baxma imkanına məhdudiyyət qoyulması;

istifadəçinin vəzifə səlahiyyətlərindən asılı olaraq sistemin funksiyalarına baxma imkanı;

məlumatların icazə verilməmiş baxışlardan və ehtiyatsızlıq nəticəsində məhv edilməkdən qorunması;

ştatdankənar vəziyyətlərdə məlumatların təhlükəsizliyinin qorunması;

etibarlılıq; bu və ya digər fövqəladə hallarda məlumatların və proqramların saxlanması və s. aiddir.

Sistemin məlumatlar bazası kimi dünya miqyasında geniş yayılmış Oracle verilənlər bazasının idarəetmə sistemindən istifadə olunur.

Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi layihəsinin təqdimatı 17 mart 2006-cı ildə Azərbaycan Respublikası hökuməti üzvlərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusların, beynəlxalq təşkilatların, işguzar birliklərin, yerli və xarici şirkətlərin təmsilçilərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

AVİS - Elektron Hökumətin nümunəvi sistemi kimi beynəlxalq «İTMagazine» jurnalı redaksiyası və Layihənin İdarə Edilməsi Azərbaycan Assosiasiyası tərəfindən 2007-ci ilin İntellekt mükafatına layiq görülmüşdür. 2007-2009-cu illərdə AVİS-də yerinə yetirilən iş prosesləri genişləndirilmişdir.

Azərbaycan Republikasının Prezidenti Cənab İlham Əliyev elektron cəmiyyətin formalaşmasını yüsək qiymətləndirərək demişdir: “Elektron hökumət prinsiplərinə keçməyimiz korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq.”

Məmur – sahibkar təmaslarının azaldılması istiqamətində  illər üzrə aşağıdakı tədbirlərin  həyata  keçirilməsi xüsusilə diqqətəlayiqdir:

Kontaktsız bəyannamələr                   2003

E – bəyannamələr                               2007

“Bir pəncərə”                                      2008

On-layn kargüzarlıq                            2010

Fiziki şəxslərin on-layn qeydiyyatı     2011

Hüquqi şəxslərin on-layn qeydiyyatı  2012

Məlumdur ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Sahibkarlığa dövlət qayğısının göstərilməsini, biznes fəaliyyətinin daha da genişlənməsi üçün hökumət tərəfindən mütəmadi olaraq qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsini, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılmasını, maarifləndirmə və digər istiqamətləri əhatə edən kompleks tədbirlər həyata keçirilməkdədir. Bununla belə, sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələrin icra olunması biznes mühitində mövcud olan bir sıra problemlərin aradan qaldırılmasını tələb edirdi.

Sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi ilə qeydiyyatı. 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında sahibkarlığın inkişafına, azad rəqabət prinsiplərinin formalaşmasına dəstək olaraq sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının «bir pəncərə» prinsipi üzrə təşkili təmin edilmişdir. Ölkə Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» 30 aprel 2007-ci il tarixli Fərmanı və «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 25 oktyabr  2007-ci il tarixli Sərəncamına uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının «bir pəncərə» prinsipi üzrə təşkili Vergilər Nazirliyinə həvalə edilmişdir.

29 dekabr 2007-ci ildə Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində «bir pəncərə» sisteminin təqdimat mərasimi keşirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Elektron hökumətin əsas elementlərindən olan «bir pəncərə» sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, iqtisadi strukturlarda aparılan bütün qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. «Bir pəncərə» sisteminin tətbiqi ilə qeydiyyat prosedurlarının sayı azalmış və vaxt itkisinin qarşısı alınmışdır.

«Bir pəncərə» prinsipinn tətbiqi ilə Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin qeydiyyatı prosedurlarının (biznesə başlama) sayı 13-dən 5-dək, sərf edilən müddət isə 53 gündən 8 günədək, o cümlədən sırf qeydiyyatın aparılmasına sərf edilən müddət 3 günədək azaldılmışdır.

Qeydiyyatın «bir pəncərə» prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, «bir pəncərə» sisteminin tətbiqi investisiya mühitini daha da yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını azaltmış, çoxpilləli qeydiyyat prosedurları ləğv olunmuş və sadələşdirilmişdir. Bu isə son nəticədə sahibkarın cəmi bir neçə gündə qeydiyyata alınmasına və fəaliyyətə başlamasına imkan vermişdir.

29 dekabr 2007-ci il tarixdə keçirilən təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycanda yaradılmış belə mərkəzlər sahibkarlara gözəl xidmət göstərəcəkdir: «Bu, yenilikdir, müasirlikdir, gələcəyə doğru böyük addımdır. Əminəm ki, bu sistem tam şəkildə işə düşəndən sonra Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyənlərin sayı daha da artacaqdır. Artıq bütün bürokratik əngəllər aradan qaldırıldı, ən sadələşdirilmiş sistem tətbiq edilir. «Bir pəncərə» sistemi dünyada ən mütərəqqi praktikadır. Əminəm ki, həm şəffaflıq təmin olunacaq, həm də sahibkarlıqla məşğul olmaq istəyənlər üçün daha yaxşı şərait yaradılacaq və bu sistemin işə düşməsindən sonra Azərbaycanda bütövlükdə iqtisadi inkişaf daha da yüksək sürətlə davam etdiriləcəkdir. Azərbaycanda bütün sahələrdə ən müasir praktika tətbiq olunmalıdır. Biz bəzi hallarda dünyada ən gözəl təcrübəni götürüb istifadə edirik, bəzi hallarda isə inkişaf etmiş bir neçə ölkədən bir addım qabaqdayıq. Azərbaycan, bax, bu cür inkişaf etməlidir. İndi mən bütün regionlarda olan şəraiti, təchiz edilmiş bütün müasir avadanlıqları görürəm. Əminəm ki, bütün regionlarda insanlara, sahibkarlara çox gözəl xidmət göstəriləcəkdir».

Çıxışının sonunda Prezident İlham Əliyev demişdir: «Qısa müddət ərzində görülən işlər bir daha təsdiqləyir ki, mənim qərarım düzgün qərar idi. Mən «bir pəncərə» sistemini məhz Vergilər Nazirliyinə tapşırmışam. Siz də bunu çox yaxşı icra etmisiniz. Tam şəffaflıq, rahatlıq, sahibkarlığın inkişafı üçün, nəzarətin gücləndirilməsi üçün çox böyük işlər görülübdür».

«Bir pəncərə» prinsipi ilə qeydiyyata alınmış sahibkarlıq subyektləri barədə məlumatlar mərkəzləşdirilmiş şəkildə Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə ötürülür. Bu məqsədlə həmin təşkilatların hər biri ilə müvafiq razılaşmalar imzalanmışdır. İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən, 2008-ci ilin dekabr ayından etibarən sahibkarlıq subyektlərinə nəzarət kitabçaları da «bir pəncərə» sistemi vasitəsilə qeydiyyat zamanı təqdim edilir.

Sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi ilə qeydiyyatı sistemi Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən müəssisələrin qeydiyyatı sahəsində ən uğurlu islahat hesab edilmiş və “Doing Business” hesabatında “Biznesə başlama” reytinqində Azərbaycan Respublikası 64-cü yerdən 13-cü yerə yüksəlmişdir. Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business-2014” hesabatında Azərbaycan sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində dünyanın ilk 10 ölkəsi sırasına daxil edilmişdir.

Vergi inzibatçılığında mühüm keyfiyyət dəyişikliyinə səbəb olan AVİS vergi nəzarəti tədbirlərinin səmərəliliyinin artırılmasına imkan verməklə yanaşı, vergidən  yayınma hallarının qarşısının alınması sahəsində müasir texnologiyaların tətbiqinə də geniş şərait yaratdı.

ƏDV-nin vahid depozit hesabı- Vergidən yayınma hallarının qarşısının alınması və ƏDV üzrə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 1 yanvar 2008-ci il tarixdən ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılmışdır. Vergi qanunvericiliyinə görə, mal (iş, xidmət əldə edən) şəxslər hesab fakturada göstərilən malın dəyərini hesablaşma hesabına, hesablanmış ƏDV-ni isə ayrıca depozit hesaba, yəni satıcının ƏDV subhesabına köçürürlər. Bu sistem ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, habelə, ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatları üzrə vergi orqanları tərəfindən səmərəli nəzarəti həyata keçirməyə imkan yaratmışdır. Bununla da ƏDV-nin ödənilməsindən yayınmaya və bu vergi növünün əvəzləşdirilməsi üzrə qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin tətbiq edilməsinə nail olunmuşdur. Depozit hesabının tətbiq olunduğu ilk ildə, yəni 2008-ci ildə ƏDV üzrə daxilolmalar 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,3 faizədək artmışdır.

Vahid depozit hesabının tətbiqi vergi ödəyicilərinə banka getmədən başqa ödəyicilər, büdcə və gömrük orqanlarına ödənişlərin həyata keçirilməsinə imkan vermiş, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır.

Azərbaycanda 2008-ci ildən tətbiq olunan bu sistem bir sıra beynəlxalq institutların və digər ölkələrin vergi administrasiyalarının ciddi marağına səbəb olmuşdur.

ƏDV depozit hesabının tətbiqi nəticəsində ƏDV-nin ödənilməsindən yayınmaya və ƏDV-nin qeyri-qanuni əvəzləşdirilməsinə qarşı yeni və olduqca səmərəli sxemin tətbiq edilməsinə nail olundu.

Elektron vergi-hesab faktura -  ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə, 2010-cu il yanvarın 1-dən etibarən elektron vergi-hesab fakturalarının tətbiqinə başlanıldı. Nəticədə vergi ödəyiciləri tərəfindən satılan mallara (iş, xidmətlərə), görə vergi hesab-fakturaları elektron formada təqdim olunur. Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan» çərçivəsində ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə 2010-cu il yanvarın 1-dən etibarən elektron vergi-hesab fakturalarının tətbiqinə başlanılmışdır. Bu sistemin tətbiqi ilə satılmış mallara, göstərilmiş xidmətlərə və görülmüş işlərə görə vergi hesab-fakturaları elektron formada təqdim edilir. Vergi inzibatçılığının şəffaflığı baxımından əhəmiyyətli olan bu sistem həm də vergi ödəyiciləri üçün müsbət dividentlər gətirmişdir. Elektron vergi hesab fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrə keçidi elektron daşıyıcılar vasitəsilə təmin etmiş, vergi orqanlarının işini əhəmiyyətli dərəcədə asanlaşdırmış və vergi nəzarətini gücləndirmiş, eyni zamanda, vergi ödəyicilərinin öz vaxtına və maliyyə vəsaitlərinə qənaət etməsinə imkan vermişdir.

Elektron vergi hesab-fakturalarının tətbiqi nəticəsində kağız sərfiyyatı minimuma endirildiyindən il ərzində 20 tona yaxın kağıza qənaət edilmişdir.

Elektron vergi hesab-fakturaların tətbiqi təkcə kağız dövriyyəsinin və vaxt itkisinin əhəmiyyətli şəkildə azaldılmasına deyil, həm də saxta hesab fakturalardan istifadə etmək cəhdlərinin də qarşısını birdəfəlik almışdır. Keçid iqtisadiyyatına malik olan dövlətlərlə müqayisədə Azərbaycanda ilk dəfə elektron vergi hesab-fakturaların tətbiqi ölkəmizin hərtərəfli inkişafının əyani göstəricisi olmuşdur.

«Onlayn kargüzarlıq» sistemi - Vergilər Nazirliyinin 2010-cu ildə tətbiq etməyə başladığı innovativ texnologiyalardan biri də «Onlayn kargüzarlıq» sistemidir. Bu sistem vasitəsilə e-hökumət quruculuğunun əsas tərkib hissələri olan «vətəndaş-dövlət», «biznes-dövlət» və «biznes-biznes» münasibətləri müasir beynəlxalq standartlar səviyyəsində təşkil edilmişdir. Yeni texnologiyalara söykənən elektron kargüzarlıq sisteminin tətbiqi nəticəsində ölkə vətəndaşları bütün müraciətlərini kompüter və ya mobil telefon vasitəsilə internet üzərindən vergi orqanına göndərə bilirlər. Müraciət edən vətəndaş bu sistem üzərindən vergi orqanına göndərdiyi bütün məktubların vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və birbaşa icraçı ilə telefon əlaqəsi yarada bilir.

Bu sistem AVİS-in elektron «Kargüzarlıq» sisteminə inteqrasiya olunmuşdur. «Onlayn kargüzarlıq» sistemi vasitəsilə göndərilən bütün müraciətlər rəsmi sənəd statusuna malikdir.

«Onlayn kargüzarlıq» sistemi ilk dəfə vətəndaşlara dövlət qurumu ilə elektron formada məktublaşmağa imkan yaratmışdır. Hər bir vergi ödəyicisi üçün Nazirliyin www.e-taxes.gov.az internet səhifəsində fərdi elektron qutu yaradılmışdır. Sənəd dövriyyəsi, sənədlərin vahid qeydiyyatı və ödəyicilərin müraciətlərinin operativ emalı prosesi sürətlənmişdir.

“Onlayn kargüzarlıq” sistemində bir sıra ərizələrin elektron formada təqdim edilməsi imkanı da yaradılmışdır. Bundan başqa, elektron kargüzarlıq sistemi vasitəsilə vergi ödəyiciləri öz aralarında yazışmaq imkanı da əldə etmişlər.

Elektron məsafədən ötürmə qurğuları- 2010-cu ildən etibarən nağd hesablaşmaların aparılması üzərində nəzarət tədbirlərinin gücləndirilməsi və bu sahədə müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS şəbəkəsi vasitəsilə vergi orqanlarının məlumat bazasına ötürülməsinə başlanılmışdır. Bu məqsədlə nağd hesablaşmaların tətbiq edildiyi sahələrdə universal elektron məsafədən ötürmə qurğularının tətbiqinə başlanılmışdır. Qeyd olunan qurğuların quraşdırılması nəticəsində nağd hesablaşmalar barədə məlumatların operativ şəkildə vergi orqanlarının məlumat bazasına ötürülməsi vergi nəzarətinin səmərəliliyinin və vergi ödəyicilərinin fəaliyyətində şəffaflığın daha da artırılmasına imkan verir.

Bu qurğuların tətbiqi ilə təkcə vergi ödəyicisi tərəfindən aparılan bütün əməliyyatların toplanılaraq mobil rabitə vasitəsilə AVİS-ə ötürülməsi təmin edilmir, həm də  bir vergi əməkdaşı tərəfindən bir neçə obyektdə eyni vaxt ərzində «elektron xronometraj» aparmaq imkanı yaranır.

Bundan başqa, NKA-ya müdaxilə olunduqda qurğu tərəfindən onun işi dayandırılır, həçmçinin, fəaliyyətini dayandırmış vergi ödəyicilərinin nağd hesablaşma əməliyyatlarının aprılmasına nəzarət olunur. GPRS-in tətbiqi vergi ödəyicisinə məxsus obyektlərdə xronometraj aparılması zərurətini kəskin azaldır ki, bu da, ödəyicilərin vaxtına qənaət edir, aparılan vergi yoxlamalarının səmərəliliyini yüksəldir.

Nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqi vergi ödəyicilərinin vergi orqanları ilə əlaqəsinin asanlaşdırılmasına və vergi inzibatçılığında müasir elektron nəzarət mexanizmlərindən geniş istifadə edilməsinə yönəlmişdir.

E-audit - AVİS-in texniki imkanları olduqca geniş layihələndirilmişdir. Bu sistem vergi sistemində İKT və elektron xidmətlər sahəsində mövcud olan ən müasir təcrübələri tətbiq etməyə imkan verir. AVİS-in mövcud infrastrukturu əsasında vergi orqanlarında kifayət qədər əhatəli məlumat bazası, səmərəli təhlil mexanizmi və elektron auditin tətbiqi üçün zəruri imkanlar yaradılmışdır.

Elektron audit üzrə müvafiq hüquqi bazanın formalaşdırılması məqsədilə 2013-cü ilin əvvəlindən Vergi Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən yeni maddələr daxil edilmişdir.

Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanmışdır. 

2013-cü ildən başlayaraq bir sıra şirkətlərdə e-audit həyata keçirilir.  Bunlar iqtisadiyyatın müxtəlif sektorlarını, o cümlədən neft, bank və ticarət sahələrini əhatə etmişdir ki, bu da hər bir sahənin spesifikliyinin və e-auditin bu sahələrdə necə işləməsinin qiymətləndirilməsi məqsədi daşıyır.

Vergidən yayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcminin əsaslı şəkildə azalması, aparılan yoxlamaların səmərəliliyinin yüksəlməsi, vergi nəzarətində müasir metodların tətbiqi, qarşılıqlı təhlillərin aparılması və digər üstünlüklər e-auditin tətbiqini zəruri edir. Bununla əlaqədar, hazırda e-auditin əhatə dairəsinin genişləndirilməsi, vergi ödəyicilərində e-mühasibat uçotunun yaradılması, bu sahədə işləyəcək vergi əməkdaşlarının  xüsusi treninqlərə cəlb olunması istiqamətində işlər davam etdirilir.