Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və
2001-cı il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ölkəmizdə vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin
müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və
dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının
vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma
və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət
vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyənləşdirdi.
Vergi Məcəlləsi təsdiq
olunduqdan sonra Vergilər Nazirliyinin 10 avqust 2000-ci il tarixli əmri ilə Vergilər
Nazirliyi yanında Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Əlaqələndirmə
Komissiyası yaradıldı. Bu komissiya Vergi Məcəlləsinin tətbiqi ilə bağlı
metodiki göstərişlərin və digər normativ sənədlərin hazırlanması, vergi orqanı
işçilərinin tədrisi, vergi ödəyicilərinin hərtərəfli məlumatlandırılması, geniş
təbliğat kampaniyasının keçirilməsi üzrə zəruri tədbirlərin operativ
əlaqələndirilməsini təmin etməli idi. Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar
nəzərdə tutulan tədbirləri sistemli həyata keçirmək məqsədilə Vergilər
Nazirliyinin mərkəzi aparatında müvafiq idarə yaradıldı. Qısa bir müddətdə Vergi
Məcəlləsinin bu və ya digər maddələrinin tələblərinə uyğun olaraq Vergilər
Nazirliyi tərəfindən qaydalar, bəyannamə, arayış, ərizə, şəhadətnamə formaları
və s. hazırlandı, onların tətbiqi təmin edildi.
Vergi Məcəlləsinin tətbiqinə başlandıqdan sonra onun müddəalarının beynəlxalq
normalar nəzərə alınmaqla mövcud iqtisadi şəraitə uyğun olaraq
təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, ölkədə əlverişli
investisiya mühitinin yaradılması və vergi ödəyicilərinin qanuni mənafelərinin
qorunması məqsədilə bu qanunvericilik sənədinə bir sıra əlavələr və
dəyişikliklər edilmişdir.
Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin konseptual əsasları vergi
ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin minimuma
endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili,
əlverişli investisiya mühitinin yaradılmasından ibarət olmuşdur. Eyni zamanda,
bütün vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, ölkədə
sahibkarlığın inkişafı və azad rəqabətin formalaşması vergi qanunvericiliyinin
təkmilləşdirilməsinin əsas prinsiplərindəndir.
Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra onun bəzi maddələrinin tələblərindən
irəli gələn müxtəlif qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilmişdir. Qanunvericiliyin tətbiqində Vergi Məcəlləsi ilə
yanaşı müxtəlif vaxtlarda qəbul edilmiş digər normativ-hüquqi aktlardan istifadə
edilirdi. Qanunvericiliyin vahid bazasının yaradılması məqsədilə “Azərbaycan
Respublikası Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununda Nazirlər
Kabinetinin 20-dən artıq qaydasının Vergi Məcəlləsinə daxil edilməsi təmin
olundu. Bu qərarların əksər hissəsi Vergi Məcəlləsinin qüvvəyə mindiyi dövrdən
tətbiq edilir və onların Məcəlləyə daxil edilməsi hər hansı yeni prosedur və ya
normalar yaratmırdı.
Vergi Məcəlləsi qəbul edildikdən sonra vergilərin iqtisadi fəallığa uzunmüddətli
stimullaşdırıcı təsirini təmin etmək, investisiyaları təşviq etmək,
müəssisələrin istifadəsində qalan maliyyə vəsaitlərini artırmaq məqsədilə ötən
10 il ərzində mənfəət vergisinin dərəcəsi mərhələlərlə aşağı salınaraq, 2003-cü
ildə 27 faizdən 25 faizə, 2004-cü ildə 24 faizə, 2006-cı ildə 22 faizə 2010-cu
ildən isə 20 faizə endirilmişdir.
Ötən
illər ərzində fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi də
sadələşdiriləşdirilmişdir. Hazırda bu vergi növünün hesablanmasında üç dərəcə
tətbiq edilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının
yaxşılaşdırılması hökumətin daim diqqət mərkəzindədir. Son illərdə vergi
qanunvericiliyi bu istiqamətdə də təkmilləşdirilmişdir.
Fiziki şəxslərin 14 faiz dərəcə ilə vergiyə cəlb olunan aylıq gəlirlərinin
maksimum həddi 2006-cı ildə 600 manatdan 1000 manata, 2008-ci ilin əvvəlindən
isə 2000 manata, 2013-cü il yanvarın 1-dən 2500 manatadək artırılmışdır. 2010-cu
il yanvarın 1-dən isə fiziki şəxslərin gəlir vergisi dərəcəsinin maksimal həddi
35 faizdən 30 faizə, 2013-cü ilin yanvar ayının 1-dən 25 faizə endirilmişdir ki,
bu da əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı,
əmək haqlarının leqallaşmasına xidmət edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər üçün bu dərəcənin 35 faizdən 20 faizə endirilməsi isə fərdi
sahibkarlar üçün gəlir vergisinin və hüquqi şəxslər üçün mənfəət vergisinin
dərəcələrinin uzlaşdırılması və vergi yükünün bərabərləşdirilməsi məqsədini
daşıyır.
Ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma
mexanizmini asanlaşdırmaq məqsədilə 2001-ci ildən sadələşdirilmiş vergi növü
tətbiq edilir. Malların təqdim edilməsi və işlərin görülməsinin ümumi
hasilatının həcminə və satışdankənar gəlirlərə tətbiq olunan bu vergi Bakı
şəhəri üçün 4 faiz, regionlar və Naxçıvan Muxtar respublikasının ərazısındə isə
2 faiz müəyyənləşdirilmişdir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və
yük daşımalarının həyata keçirilməsi də sadələşdirilmiş verginin tətbiqi
dairəsinə aid edilmişdir ki, bu da həmin sahələrdə fəaliyyət göstərən fiziki və
hüquqi şəxslərin vergi yükünü aşağı salmışdır.
Azərbaycan Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə müstəqilliyini əldə etdikdən
dərhal sonra başlamışdır. Mühüm vergi mənbələrindən biri kimi, hazırda bu
verginin ümumi vergi daxilolmalarında payı 29 faizi keçir. Azərbaycan ƏDV-nin
iki dərəcəsini (0 faiz və 18 faiz) tətbiq edir. Bu, ƏDV tətbiq edən ölkələr
sırasında ən aşağı dərəcələrdən biri hesab olunur.
1992-2014-cü illər ərzində ƏDV, mənfəət vergisi və fiziki şəxslərin gəlir
vergisinin dərəcələri
|
Mənfəət vergisi
(faiz) |
Gəlir vergisi
(faiz) |
Əlavə dəyər vergisi
(faiz) |
1992 il |
35 |
12 - 55 |
0 - 28 |
1993 il |
35 |
12 - 55 |
0 - 20 |
1994 il |
35 |
12 - 55 |
0 - 20 |
1995 il |
35 |
12 - 55 |
0 - 20 |
1996 il |
35 |
12 - 40 |
0 - 20 |
1997 il |
32 |
12 - 40 |
0 - 20 |
1998 il |
32 |
12 - 40 |
0 - 20 |
1999 il |
30 |
12 - 40 |
0 - 20 |
2000 il |
27 |
12 - 35 |
0 - 20 |
2001 il |
27 |
12 - 35 |
0 - 18 |
2002 il |
27 |
12 - 35 |
0 - 18 |
2003 il |
25 |
12 - 35 |
0 - 18 |
2004 il |
24 |
14 - 35 |
0 - 18 |
2005 il |
24 |
14 - 35 |
0 - 18 |
2006 il |
22 |
14 - 35 |
0 - 18 |
2007 il |
22 |
14 - 35 |
0 - 18 |
2008 il |
22 |
14 - 35 |
0 - 18 |
2009 il |
22 |
14 - 35 |
0 - 18 |
2010 il |
20 |
14 - 30 |
0 - 18 |
2011 il |
20 |
14 - 30 |
0 - 18 |
2012 il |
20 |
14 - 30 |
0 - 18 |
2013 il |
20 |
14 - 25 |
0 - 18 |
2014 il |
20 |
14 - 25 |
0 - 18 |
Vergi Məcəlləsinin qəbulundan sonra keçən dövrdə vergi
qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri vergi ödəyicilərinin
hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi
güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli
mübarizənin təşkili, əlverişli investisiya mühitinin yaradılmasından ibarət
olmuşdur. Vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, hüquqi
şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident
vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi, sərbəst rəqabətə
imkan verən vergi rejiminin yaradılması bu dəyişikliklərin mühüm tərkib
hissələrindəndir.