1. Azərbaycanın vergi sisteminin ölkə iqtisadiyyatının inkişafında rolu.

 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə, uğurla həyata keçirilməsi respublikamızda yeni inkişaf modelinin formalaşmasına və onun dünya iqtisadiyyatına inteqrasiyasına, qloballaşma şəraitində Azərbaycanın milli iqtisadiyyatının dayanıqlı inkişafına, iqtisadiyyatın tarazlı və proporsional tərəqqisinə, əhalinin rifah halının yaxşılaşmasına imkan vermişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev vergilər haqqında çıxışlarından :

 

“Vergilər Nazirliyi çox yaxşı işləyir, işlərini çox yaxşı qurub... Azərbaycanın hərtərəfli inkişafında vergi orqanlarının çox mühüm rolu var”.   Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin binasının açılışındakı  nitqindən, 25 iyul 2005-ci il.
     
“Bizim gəlirlərimiz, imkanlarımız artır... Eyni zamanda vergi sistemində də islahatlar öz nəticəsini verməkdədir”.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasındakı  nitqindən, 2 yanvar 2006-cı il.

     
“Bu, dövlət vergisidir. Hər bir vətəndaş, hər bir şirkət onu ödəməlidir....Vergidən yayınanları ciddi cəzalandırmaq lazımdır”.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasındakı  nitqindən, 31 iyul 2006-cı il.
     
“Qısa müddət ərzində görülən işlər bir daha təsdiqləyir ki, mənim qərarım düzgün qərar idi. Mən “bir pəncərə” sistemini məhz Vergilər Nazirliyinə tapşırmışam. Siz də bunu çox yaxşı icra etmisiniz. Tam şəffaflıq, rahatlıq, sahibkarlığın inkişafı üçün, nəzarətin gücləndirilməsi üçün çox böyük işlər görülübdür”.       Vergilər Nazirliyi yanında  Xüsusi Rejimli Vergi Xidməti Departamentində “bir pəncərə” sisteminin təqdimat mərasimindəki nitqindən, 29 dekabr 2007-ci il.
     

«Vergi sahəsində aparılan islahatlar uğurludur. «Bir pəncərə» prinsipi Azərbaycanda tətbiq olunur. Digər islahatlar aparılır, bütövlükdə bu sahədə işlər görülür. Ancaq o da həqiqətdir ki, vergilərdən yayınanların sayı da kifayət qədərdir... Biz bunları bilirik və bu hallarla mübarizə daha da ciddi və məqsədyönlü aparılmalıdır.

Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd ödəmələr minimuma endirilsin... Bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartlarından istifadə olunmalıdır. Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənəcəkdir...»

  Azərbaycan Respulikası Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən. 14 yanvar 2011-ci il
     
“Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək”.  

Şamaxı rayonunda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılış mərasimindəki nitqindən, 13 sentyabr 2011-ci il.

Xarici siyasətinin prioritetlərindən biri milli bazarın dünya bazarı ilə, milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə intensiv inteqrasiyasının düzgün təşkilidir. Bu məqsədlə Azərbaycan hökuməti bir çox dünya dövlətləri ilə iqtisadi əməkdaşlıq əlaqələri yaratmaqdadır.

Respublikamızda son illərdə güclü iqtisadi potensialın yaradılmasında, dövlətçiliyin möhkəmləndirilməsində, azad və demokratik cəmiyyət quruculuğunda görülən işlər Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasında həyata keçirilən çox şaxəli islahatlar yeni inkişaf modelinin formalaşdırılmasına, onun dünya iqtisadiyyatına inteqrasiyasına, həm neft, həm qeyri-neft sektorlarının dinamik inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatın tarazlı və mütənasib tərəqqisinə səbəb olmuşdur. Dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, ölkə başçısının çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda, çox az ölkələrin nail olduğu, artıq nümunə göstərilən yüksək dayanıqlıq və sabitlik təmin edilmişdir. Dövlət başçısının səyi və qətiyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, xüsusilə, real sektora xarakterik olan yüksək artım tempi və aparılan islahatlar müasir dövrdə də vergi sisteminin inkişafına təkan vermiş, gələcək inkişaf üçün yeni perspektivlər və imkanlar müəyyənləşdirmişdir.  Milli iqtisadi inkişaf strategiyasında mühüm rol oynayan vergi xidməti orqanlarında son illər vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi xidmətinin müasir Avropa standartlarına uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyi və vergi inzibatçılığının müasir tələblər baxımından qurulmasında bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur. Azərbaycanın müasir vergi xidməti ölkənin iqtisadi qüdrətinin güclənməsi, nəhəng regional layihələrin həyata keçirilməsi işlərinə öz töhfəsini verməkdədir. Bununla da müstəqil dövlətimizin vergi siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsinə, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində aparıcı amilə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici  siyasəti nəticəsində artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuş doğma Azərbaycanımızda çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən müasir vergi xidməti formalaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin rəhbərliyi altında ölkəmizdə bazar iqtisadiyyatının formalaşdırılması, onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət çərçivəsində çevik vergi siyasəti həyata keçirilir ki, bu siyasətin də əsas istiqamətləri aşağıdakılardır:

- vergilərin sayının azaldılması;

- vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi;

- iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması məqsədilə əlverişli investisiya mühitinin yaradılması;

-rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi;

- vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi;

- vergi ödəyicilərinin məlumatlandırılması, vergi təbliğatı;

- respublikanın və əhalinin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi;

- respublikanın ixrac potensialının inkişafının təmin edilməsi;

- vergi sisteminin vahid uçot-informasiya sisteminin təkmilləşdirilməsi;

- vergi inzibatçılığının təkmilləşdirilməsi;

- vergi ödəyicilərinin gəlirləri üzərində səmərəli nəzarət mexanizminin tətbiqi;

- vergi intizamına əməl olunması üzərində nəzarət sisteminin təkmilləşdirilməsi və vergi hüquq pozuntusu hallarına görə məsuliyyət sisteminin daha da şərtləşdirilməsi;

- vergi xidməti orqanları əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi məqsədi ilə vergi orqanlarının maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi.

Qeyd olunan istiqamətlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasında vergi sisteminin normativ-hüquqi bazası yaradılmışdır ki, bu da aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:

1. Bütün təsərrüfat subyektlərinin və vətəndaşların qanun qarşısında hüquq bərabərliyi;

2. Vergi ödəyicilərinin bəzi kateqoriyalarına verilən vergi imtiyazlarının qanunla təsdiq olunması;

3. Vergi siyasətinin sabitliyi və ardıcıllığı;

4. Vergi yığımında şəffaflığının təmin olunması;

5. Mütərəqqi vergitutma formalarına üstünlük verilməsi;

6. Vergi xidməti orqanlarının qeyri-qanuni hərəkətlərinə yol verilməməsi və s.