6.Torpaq vergisi

 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpağa görə haqq torpaq vergisi və icarə haqqı şəklində alınırdı.Torpaq mülkiyyətçilərindən, torpaq sahiblərindən və torpaq istifadəçilərindən (icarədarlar istisna olmaqla) hər il torpaq vergisi tutulurdu. İcarə haqqının məbləği tərəflərin razılığı ilə müəyyən edilirdi.

Torpaq vergisinin tətbiqindən məqsəd torpaqdan səmərəli istifadəni təmin etmək, torpaqların keyfiyyətini və münbitliyini artırmaq, onları mühafizə etmək, dövlət torpaq kadastrı və yer quruluşu tədbirlərini həyata keçirmək üçün vəsaiti səfərbər etməkdən ibarət idi. Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi Torpaq vergisi haqqında Qanunla, habelə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənirdi.

Azərbaycan Respublikasının ərazisində başqa dövlətlərin, yaxud Azərbaycan Respublikasının başqa dövlətlərlə birgə ehtiyacları üçün istifadə olunan torpaq sahələrinə görə vergi dövlətlər-arası müqavilələrlə tənzimlənirdi. Belə müqavilələr olmadıqda torpaq vergisinin tutulması ümumi qaydada həyata keçirilirdi.

Torpaq vergisi torpağın keyfiyyətindən, yerindən və su təchizatından asılı olaraq müəyyənləşdirilirdi.Torpaq vergisi torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpağın sahəsinə görə sabit ödəniş şəklində hesablanırdı.

Torpaq istifadəçilərindən asılı olmayan səbəblər üzündən təsərrüfatçılıq şəraiti dəyişdikdə torpaq vergisinin dərəcələrinə Azərbaycan Respublikası, hökumətində təqdimatı ilə Ali Sovet tərəfindən yenidən baxılırdı.          

Vergi tutulan torpaqlar aşağıdakılar hesab edilirdi:

  1. kənd təsərrüfatı təyinatlı torpaqlar;

  2. yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) yerləşdiyi torpaqlar;

  3. sənaye, tikinti, nəqliyyat, rabitə və başqa təyinatlı torpaqlar;

  4. sağlamlıq və istirahət təyinatlı torpaqlar (dövlət büdcəsindən maliyyələşdirilən obyektlərin yerləşdiyi sahələr istisna olmaqla);

  5. meşə torpaq fondunda meşə təsərrüfatı məqsədləri üçün istifadə olunmayan torpaqlar;

  6. su torpaq fondunda su təsərrüfatı məqsədləri üçün istifadə olunmayan torpaqlar.

          Kolxozlardan, sovxozlardan, kəndli (fermer) təsərrüfatlarından, təsərrüfatlararası müəssisə və təşkilatlardan, kənd təsərrüfatı kooperativlərindən və digər kənd təsərrüfatı müəssisələrindən ancaq torpaq vergisi və əlavə dəyər vergisi tutulurdu. Vergilərin digər növləri onlara tətbiq edilmirdi. Ümumi gəlirinin 25 faizindən çoxunu qeyri-kənd təsərrüfatı fəaliyyətindən əldə edən kənd təsərrüfatı müəssisələrinə bu qayda şamil edilmirdi.

Müstəqil balansda olan sənaye tipli quşçuluq fabrikləri və donuzçuluq kompleksləri, istixanalar, xəzlik heyvandarlıq təsərrüfatları və digər müəssisələr torpağa görə vergi və əlavə dəyər vergisi ilə yanaşı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər vergiləri də ödəyirdilər.

 Kolxozlar(, sovxozlar, kəndli (fermer) təsərrüfatları, təsərrüfatlararası müəssisələr və təşkilatlar, kənd təsərrüfatı kooperativləri və digər  kənd təsərrüfatı müəssisələri kənd təsərrüfatı məqsədləri üçün ayrılmış torpaq sahəsinə görə, habelə fiziki şəxslər həyətyanı və bağ sahələrinə görə torpaq vergisini Qanuna əlavədə göstərilən dərəcələrlə ödəyirdilər.

Şəhər və qəsəbələrin torpaqlarına görə bütün müəssisələrdən, idarələrdən, təşkilatlardan və fiziki şəxslərdən mülkiyyətində, sahibliyində və istifadəsində olan torpaq sahələrinə görə (mənzil fondunun yerləşdiyi sahələrdən başqa) vergi hər kvadratmetr torpaq sahəsinə görə hər il mayın 1-nə qüvvədə olan minimum əmək haqqının məbləğindən aşağıdakı faizlə hesablanırdı:

Bakı şəhərində — 1

respublika tabeli şəhərlərdə — 0,8

digər şəhərlərdə — 0,6

qəsəbələrdə — 0,4

Şəhər və qəsəbələrdə dövlət, ictimai, kooperativ, fərdi mənzil fondlarının yerləşdiyi torpaq sahələrinə görə vergi bu maddədə müəyyən edilmiş torpaq vergisi dərəcələrinin 10 faizi miqdarında hesablanırdı .

Şəhər və rayon xalq deputatları Sovetləri ərazilərin iqtisadi, tarixi və təbii-coğrafi əhəmiyyətini nəzərə almaqla torpaq vergisinin ümumi məbləğini dəyişmədən ayrı-ayrı yerlər və zonalar üzrə vergi dərəcəsini artıra və ya azalda bilərdilər.Müəssisələrdən, idarələrdən, təşkilatlardan və vətəndaşlardan müəyyən edilmiş normadan artıq torpaq sahələri üçün vergi üç-qat miqdarda tutulurdu.

Yaşayış məntəqələrindən kənarda yerləşən, sənayenin, tikintinin, nəqliyyatın, rabitənin və xalq təsərrüfatının digər  Fiziki şəxslər özbaşına zəbt etdikləri torpaqlara görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırdılar.

İstehsal və xidmət sahələrinin (büdcə təşkilatları istisna edilməklə) fəaliyyətinin təmin edilməsi üçün ayrılmış torpaq sahələrinə görə vergi inzibati rayonun kənd təsərrüfatı təyinatlı torpaqları üçün müəyyən edilmiş yüksək vergi dərəcələrinin üç misli miqdarında tutulurdu.

Yaşayış məntəqələrindən kənarda təsərrüfat fəaliyyəti üçün ayrılmış su fondunun su ilə örtülü və ya örtülü olmayan torpaqlarına görə vergi inzibati rayonun müvafiq kənd təsərrüfatı təyinatlı torpaqlarının vergi dərəcəsi ilə tutulurdu.

Meşə fondunun kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaq sahələrinə görə vergi inzibati rayonun I keyfiyyət qrupuna daxil olan əkin torpaqları üçün müəyyən edilmiş dərəcələrlə tutulurdu.

Meşə əkinlərinin cərgələri arasında kənd təsərrüfatı məhsul-ları istehsalı üçün istifadə edilən torpaq sahələrinə görə vergi inzibati rayonun I keyfiyyət qrupuna daxil olan əkin torpaqları üçün müəyyən edilmiş dərəcələrin 50 faizi miqdarında ödənilirdi.

          Vergi tutulmayan torpaqlar aşağıdakılar idi:

Aşağıdakılar torpaq vergisini ödəməkdən azad edilirdilər:

  1. kəndli (fermer) təsərrüfatları, yarandığı vaxtdan 3 il müddətinə;

  2. kənd, meşə və su təsərrüfatı təmayüllü elmi tədqiqat idarələrinin və tədris müəssisələrinin eksperimental və tədris-təcrübə təsərrüfatları, bilavasitə elmi və tədris məqsədləri və kənd təsərrüfatı bitkilərinin sort-sınaq məntəqələri üçün ayrılmış torpaq sahələrinə görə;

  3. dövlət büdcəsində maliyyələşdirilən mədəniyyət, incəsənət, elm, təhsil və səhiyyə müəssisələri, idman-sağlamlıq kompleksləri və obyektləri, habelə təbiət, tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə orqanlar;           

  4. birinci və ikinci qrup əlillər, Böyük Vətən müharibəsi iştirakçıları, ata-anasız uşaqlar, ailə başçısını itirmiş çox uşaqlı ailələr, əlillərin ictimai təşkilatları, onların idarələri, tədris-istehsal müəssisələri və birlikləri;

  5. 1990-cı ilin yanvarında SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxsin valideynləri və arvadı (əri), habelə əmək qabiliyyəti olmayan övladları. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girməmiş olsunlar;

  6. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növü, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar başqa xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər;

  7. qaçqın, yaxud məcburi köçgün statusu almış şəxslər və müəyyən olunan qaydada məcburi köçürülmüş digər vətəndaşlar köçürüldükləri yerlərdə torpaq sahələri ayrıldıqdan sonra 5 il müddətinə.

Torpağa görə vergi mülkiyyət, sahiblik və torpaqdan istifadə hüququnu təsdiq edən sənədlərə əsasən müəyyənləşdirilirdi. Torpaq vergisi Hüquqi şəxslər tərəfindən torpaq sahələrinin miqdarına və verginin dərəcələrinə əsasən hər il hesablanır və haqq-hesablar mayın 15-dən gec olmayaraq dövlət vergi xidməti orqanlarına təqdim edilirdi.Vergi orqanları torpaq vergisinin haqq-hesablarını vaxtında təqdim etməmiş hüquqi şəxslərdən torpaq sahəsinin miqdarına və verginin dərəcələrinə əsasən hesablanmış vergi məbləğinin 110 faizi miqdarında vergi tuturlar, haqq-hesablar təqdim edildikdən sonra vergi müəyyən edilmiş qaydada yenidən hesablanırdı.Yeni ayrılmış torpaq sahələri üzrə verginin haqq-hesablarını hüquqi şəxslər həmin torpağın ayrıldığı gündən sonra bir ay ərzində təqdim edirdilər.

Vətəndaşların torpaq vergisi dövlət vergi xidməti orqanları tərəfindən hər il mayın 1-dək hesablanır və avqustun 1-dən gec olmayaraq onlara tədiyə bildirişləri çatdırılırdı.

Hüquqi şəxslərə və vətəndaşlara il ərzində ayrılmış torpaq sahələrinə görə vergi torpağın ayrıldığı vaxtdan sonrakı aydan başlayaraq hesablanırdı. Torpağın geri alındığı (azaldıldığı) hallarda verginin alınması torpağın geri alındığı (azaldıldığı) aydan dayandırılırdı (azaldılırdı).

Vergi bərabər məbləğlərdə, sentyabrın 15-dən və noyabrın 15-dən gec olmayaraq ödənilir. Vaxtında ödənilməmiş vergi məbləğlərin görə gecikdirilmiş hər gün üçün 0,2 faiz miqdarında pensiya hesablanırdı.

Torpaq vergisini ödəməyə vaxtında cəlb olunmamış tədiyyəçilər ən çoxu axırıncı iki il üçün vergi ödəyirlər. Verginin düzgün tutulmamasına ən çoxu axırıncı iki il üçün yenidən baxılırdı.

Torpaq vergisindən toplanan vəsait respublika büdcə-sinə daxil olur və ayrıca sətirdə nəzərdə tutulurdu. Həmin vəsait torpaqların münbitliyinin bərpasına, meliorasiyasına, rekultivasiyasına, yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, torpaqların eroziyasının qarşısının alınmasına, dövlət torpaq kadastrı və monitorinqi, yer quruluşu və elmi tədqiqat işlərinin aparılmasına, habelə torpaqların inventarlaşdırılmasına və mühafizəsinə sərf edilirdi.

 “Torpaq vergisi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasında təqsiri olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalarla və şərtlərlə məsuliyyət daşıyırdılar.

Torpaq sahələrinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda xüsusi mülkiyyətə və torpaq üzərində payın bəlli olduğu kollektiv mülkiyyətə verilməsi, vərəsəlik və bağışlama üzrə başqasının adına keçirilməsi və bank krediti almaq məqsədilə girov qoyulması üçün torpağın normativ qiyməti müəyyən edilirdi.Torpağın normativ qiymətinin təyin edilməsi qaydası Azərbaycan Respublikasının hökuməti tərəfindən müəyyənləşdirilirdi.