Vergi ödəyiciləri aşağıdakı kimi müəyyən edilmişdi:
Azərbaycan
Respublikasında fiziki şəxslərdən gəlir vergisinin ödəyiciləri Azərbaycan
Respublikasında istər daimi yaşayış yeri olan, istərsə də olmayan Azərbaycan
Respublikası vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan
şəxslərdir.
Azərbaycan
Respublikasında daimi yaşayış yeri olan fiziki şəxslərə təqvim, ilində
Azərbaycan Respublikasında üst-üstə azı 183 gün yaşayan şəxslər aid
edilirdi.
Vergitutma obyekti kimi aşağıdakılar müəyyən edilmişdir:
Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə fiziki şəxslərdən vergitutma
obyekti təqvim ili ərzində məcmu gəlir, aylıq gəlir, mülki-hüquqi
müqavilələrə əsasən işlərin görülməsindən götürülən gəlirlər
Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə təqvim ili ərzində məcmu gəlir
Azərbaycan Respublikasında daimi yaşayış yeri olan aşağıdakı fiziki
şəxslərdən vergitutma obyekti kimi tətbiq edilirdi:
·
Azərbaycan Respublikasının maddi, intellektual və başqa ehtiyatlarından, onun
qitə şelfindən və iqtisadi zonasından birbaşa və ya dolayısı ilə istifadə
etməklə əlaqədar olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir
götürmüş şəxslər;
·
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və orta aylıq
gəliri qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının 12 mislindən çox
olan şəxslər;
·
müəlliflik haqqı alan şəxslər, o cümlədən müəlliflərin ilk dəfə haqq alan
vərəsələri;
·
qeyri-dövlət banklarında və kredit idarələrində əmanətlər üzrə faizlər və
uduşlar şəklində gəlir, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada
qeyri-dövlət orqanları tərəfindən keçirilən lotereyalar üzrə uduşlar alan
şəxslər.
Vergitutma obyekti kimi təqvim ili ərzində məcmu gəlirin tətbiq edildiyi
fiziki şəxslər faktik götürdükləri gəlir və bu gəlirin əldə edilməsi ilə
bilavasitə bağlı olan xərclər barəsində Qanunla müəyyən edilmiş qaydada
deklarasiya təqdim edirdilər.
Mülki-hüquqi müqavilələrə əsasən işlərin görülməsindən götürülən gəlir
Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə həmin işləri görmüş hər hansı
fiziki şəxslərdən vergitutma obyekti kimi tətbiq edilirdi.
Vergitutma zamanı istər pul şəklində, istərsə də natura şəklində götürülən
gəlir nəzərə alınırdı.
Natura şəklində götürülən gəlir dövlət qiymətləri üzrə, bunlar olmadıqda isə
bazar qiymətləri üzrə nəzərə alınırdı.
Xarici valyuta şəklində götürülən gəlir Azərbaycan Respublikası Milli
Bankının gəlir götürülən vaxt qüvvədə olmuş məzənnəsi üzrə nəzərə alınırdı.
Vergi tutulan gəlirin məbləği Qanunla müəyyənləşdirilmiş qaydada təyin
edilirdi.
Vergi ödəniş mənbəyində tutulur, deklarasiya təqdim olunmasının nəzərdə
tutulduğu hallarda dəqiqləşdirilir və yerli büdcəyə daxil edilirdi.