Sovet dövründən miras qalan vergi sistemində büdcə gəlirlərinin əsas mənbəyi
olan gəlir vergisi o dövrdəki məzmunu ilə bazar iqtisadiyyatının tələblərinə
uyğun gəlmirdi. Bu vergi məhsul istehsalının artımı ilə əlaqədar idi və sanki
bazar əməliyyatlarını (qiymət, tələb, təklif, rəqabət və s.) nəzərə almırdı. Ona
görə də gəlir vergisini digər vergilərlə - əlavə dəyər vergisi, aksizlərlə əvəz
etmək zərurəti yarandı.
9 noyabr 1991-ci ildə «Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin
ayrı-ayrı növlərindən vergilər haqqında»,
31 dekabr 1991-ci ildə «Əlavə
dəyər vergisi haqqında» və
«Aksizlər haqqında» Azərbaycan
Respublikasının ilk vergi qanunları qəbul edildi.
Vergi sisteminin hüquqi əsaslarının yaradılması sahəsində görülən işlər
qanunların, bir sıra normativ aktların qəbulu ilə davam etdirildi. Vergi
sistemində mühüm yer tutan «Azərbaycan
Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» (24
iyun 1992- ci il) qanun qəbul edildi .
Bu qanunlar təkcə vergi dərəcəsini müəyyən etmək baxımından deyil, vergi
təfəkkürü yaratmaq, vergilər haqqında iqtisadi biliklər vermək baxımından böyük
əhəmiyyət kəsb etdi. İlk vergi qanunlarında ayrı-ayrı vergi növləri üzrə vergi
dərəcələri belə müəyyən edilmişdi: fiziki
şəxslərdən gəlir vergisi - 12-55 faiz, əlavə dəyər vergisi - 28 faiz, mənfəət
vergisi 35 faiz.