1980-cı illərin ortalarında islahatlar başlanana qədər SSRİ-nin dövlət
büdcəsinin gəlir hissəsinin 90 faizindən çox hissəsi xalq təsərrüfatından daxil
olan vəsaitlər hesabına formalaşırdı. Əhalidən tutulan vergilərin xüsusi çəkisi
isə cəmi 6-7 faiz təşkil edirdi.
İnkişaf etmiş ölkələrdə isə vəziyyət tamamilə başqa cür idi. Məsələn, 80-cı
illərin ortaları üçün gəlir vergisi büdcənin gəlir hissəsinin ABŞ-da 44,7
faizini, Böyük Britaniyada 32,0 faizini, Kanadada 37,0 faizini təşkil edirdi.
Büdcənin gəlir hissəsində gəlir vergisinin payının artması heç də vətəndaşların
üzərinə düşən vergi yükünün ağırlaşmasına səbəb olmamışdı. Çünki bir tərəfdən
vergilərin çevik şkalası əhalinin müəyyən kateqoriyalarını vergilərdən azad
etməyə imkan verir, digər tərəfdən isə əksər ölkələrdə vətəndaşlar orta illik
gəlir artdıqca vergi dərəcəsini artıran proqressiv şkala üzrə vergi ödəyirlər.
Beləliklə, dövlət çalışır ki, gəlirləri çox yüksək və çox aşağı olan vətəndaşlar
arasında disproporsiya qismən də olsa tarazlaşsın.
Büdcənin gəlir hissəsində gəlir vergisinin payının artması heç də vətəndaşların
üzərinə düşən vergi yükünün ağırlaşmasına səbəb olmamışdı. Çünki bir tərəfdən
vergilərin çevik şkalası əhalinin müəyyən kateqoriyalarını vergilərdən azad
etməyə imkan verir, digər tərəfdən isə əksər ölkələrdə vətəndaşlar orta illik
gəlir artdıqca vergi dərəcəsini artıran proqressiv şkala üzrə vergi ödəyirlər.
Qeyd etmək lazımdır ki, Sovet İttifaqında vergilərə
ideoloji mənada sosialist dövlətinə yad olan element kimi baxırdılar. Hesab
edilirdi ki, dövlət sektorunda yaradılan xalis gəlir tamamilə dövlətə məxsus
olduğundan vahid sosialist mülkiyyəti çərçivəsində dövlət müəssisələri ilə
dövlət arasında heç bir vergi münasibəti ola bilməz.
Rəsmi ideologiya vergi münasibətlərinin mümkünlüyünü inkar etdiyindən mənfəətdən
əsas ödənişlər «ayırmalar» adlanırdı. Məsələn, 1989-cu ildə SSRİ-də yaradılan
268,2 milyard manatlıq mənfəətin 98,7 faizi dövlət müəssisələrində yaradılmışdı
və onun da cəmi 36 faizi büdcəyə köçürülmüşdü. Mənfəətin alınması müxtəlif
fondlara ayırmalar (məsələn, fondlara, əmək ehtiyatlarına görə mənfəətdən
ayırmalar və s.) şəklində baş verirdi.
Yenidənqurma və təsərrüfatçılığın yeni mexanizmlərinə keçid SSRİ-də
vergitutmanın dirçəlməsinə səbəb oldu. 1980-ci illərin ikinci yarısından
başlayaraq müxtəlif mülkiyyət formalı müəssisələr yaranmağa başladı. Bu isə
vergilərə əvvəlki baxışlardan imtina edilməsini tələb edirdi.
14 iyul 1990-cı il tarixdə «Müəssisə, birlik və təşkilatlardan vergilər
haqqında» SSRİ Qanunu qəbul edildi və bu qanun 1991-ci il 1 yanvar tarixdən
qüvvəyə mindi. Həmin qanuna əsasən 1991-ci ildən müəssisələrin vergiyə cəlb
edilməsinin əsasını mənfəət vergisi təşkil edirdi. Onun maksimal dərəcəsi 45
faiz həddində müəyyənləşdirilmişdi ki, bunun da 22 faizi ittifaq büdcəsinə daxil
olmalı idi. Ayrı-ayrı vergi ödəyiciləri üçün verginin dərəcəsi müxtəlif idi.
Məsələn, dövlət ixtisaslaşmış və kommersiya bankları üçün 55 faiz, nizamnamə
fondunda xarici iştirakçının payının 30 faizdən çox olduğu birgə müəssisələr
üçün 30 faiz müəyyənləşdirildi.
Ümumiyyətlə, bu qanun ölkədə bir sıra vergi münasibətlərini tənzimləyən ilk
normativ sənəd idi. Lakin çox keçmədi ki, SSRİ dağıldı və yeni müstəqil
dövlətlər yarandı.