3. Fiziki şəxslərin gəlir vergisi.

 

1922-ci ildən xüsusi şəxslərin gəlirləri və fəhlə və qulluqçuların muzdlu işdən əldə etdikləri gəlirləri müəyyən məbləği aşırdısa, onlardan gəlir-əmlak vergisi tutulmağa başlandı. Vergi pilləvari mütərəqqi şkala üzrə hesablanırdı və vergi ödəyicisinin bəyannamələri əsasında yarım il ərzində onun məcmu gəlirindən tutulurdu. Gəlir vergisi hesablanarkən vergi tutulmayan minimumdan istifadə edilməsi az gəlirli şəxsləri vergidən azad etməyə imkan verirdi.

1922-ci ilin sonlarında vərəsəlik vergisi daxil edildi. Hər bir varis vərəsəlik yolu ilə aldığı əmlakın 1-4 faizi həcmində vergi ödəməli idi.

Dövlət və kooperativ təşkilatlarından gəlir vergisinin tutulmasına 1923-cü ildə başlanıldı. Onun dərəcəsi 8 faiz idi, vergiyə cəlb olunan mənfəət isə vergi orqanları tərəfindən müəssisənin məcmu gəlirləri ilə xərclərinin fərqi kimi təyin edilirdi.

Elə həmin il kənd yerlərində vahid kənd təsərrüfatı vergisi daxil edildi. İlk vaxtlar o, həm pul, həm də natural formada tutulurdu. 1924-cü ildən isə yalnız pul formasında tutulmağa başlandı.

1925-ci ildə hərbi vergi daxil edildi ki, onun da ödəyiciləri 21-40 yaş arasında orduya çağrılmayan kişilər idi. Verginin dərəcəsi həmin şəxslərin ödədikləri gəlir və kənd təsərrüfatı vergilərinin 25 faizi həcmində idi. Hərbi vergidən daxilolmalar yalnız vətəndaş müharibəsi əlillərinə köməklik göstərilməsinə sərf edilirdi.

Ölkədə əmtəə pul münasibətlərinin sonrakı inkişafı və qiymətli kağızlar bazarının dirçəlməsi dövlət rüsumlarının daxil edilməsini tələb edirdi.