Dövlət xəzinəsinə müxtəlif növ rüsumlar da ödənilirdi.:
gerb rüsumu;
əvəzsiz yolla mülkiyyətə keçən əmlakdan rüsumlar;
dövlət qulluğunda olan məmurların maaşlarından rüsumlar;
diplomlar və qramotalardan rüsumlar;
makler və notarial kitablardan rüsumlar;
ixtiralar üçün patent alınmasına görə rüsumlar;
əmlakın sığorta olunmasına görə rüsumlar;
yüksək sürətli qatarlarla daşınan sərnişinlərdən və onların yüklərindən
rüsumlar.
Gerb rüsumunun xəzinəyə ödənilməsi
gerb rüsumu haqqında nizamnamə ilə tənzimlənirdi. Üç cür gerb rüsumu mövcud idi:
sadə gerb rüsumu;
aktın məbləğinə görə (proporsional) gerb rüsumu;
faizli kağızlardan rüsum.
Sadə gerb rüsumu beş məbləğdə müəyyənləşdirilmişdi: 80 qəpik; 60 qəpik; 15
qəpik; 10 qəpik və 5 qəpik.
Proporsional gerb rüsumunun iki növü var idi:
şəxsi borc öhdəlikləri, sənədlər və aktlar üçün;
digər əmlak sövdələşmələri üzrə sənədlər və aktlar üçün.
Vəzifəli şəxslərin, məhkəmə və inzibati orqanlarının, şirkətlərin cavabları,
sualları, iddia ərizələri, təkzibləri və s., həmçinin, həmin sənədlərin
surətləri aə onlara əlavə olunmuş digər sənədlərin hər vərəqindən müəyyən
olunmuş qaydada gerb rüsumu alınırdı.
Məmurların dul qalmış arvadlarının və yetim qalmış uşaqlarnın, həmçinin
qocaldıqda məmurların özlərinin vəsaitlə
təmin olunmaları üçün bütün mülki sahədə qulluq edən məmurların
maaşlarından rüsum tutulurdu. Yüz qırx iki rubl 95 qəpikdən artıq maaş alan
məmurların maaşlarının hər rublundan iki qəpik, yüz qırx iki rubl 95 qəpik və
ondan aşağı maaş məbləğinin hər rublundan 1 qəpik rüsum tutulurdu.
Qeyd etmək lazımdır ki, müsəlman, pravoslav, xarici xristian və digər din
xadimlərinin aldıqları məvaciblərdən heç bir rüsum tutulmurdu.
Əgər dövlət xidmətində olan məmurun vəzifəsi və buna müvafiq olaraq da maaşı
artırılırdısa, onda həmin məmurun yeni və köhnə məvaciblərinin illik fərqinin
¼-i miqdarında rüsum tutulurdu.
Rusiya İmperiyasında müxtəlif adlar üçün verilmiş diplomlar və qramotalardan da
rüsumlar tutulurdu. Məsələn xidmət vasitəsilə irsi zədagən rütbəsinə layiq
görülmüş şəxslərdən 300 rubl, alimlər, texniklər, rəssamlar, artistlər irsi
fəxri vətəndaş rütbəsinə layiq görüldükdə onlardan 50 rubl, nəsl şəcərəsini
göstərən sənədlərin surətlərindən 50 rubl rüsum alınırdı.
Yeni ixtiralar, modellər, kəşflər və təkmilləşdirmələrə görə müəlliflik hüququ
verən sənədlərdən rüsumlar, həmin müəlliflik hüququnun qüvvədə qaldığı müddətdən
asılı olaraq tutulurdu.
Məcburi qarşılıqlı sığorta və əmlakın təkrar sığortası üçün bu rüsum tutulmurdu.
Əgər sığorta müqaviləsi nəzərdə tutulmuş müddətdən əvvəl pozulurdusa, onda
qaytarılan sığorta məbləği ilə birlikdə qalan aylar üçün tutulmuş rüsum da geri
qaytarılırdı.
Xəzinənin nəfinə dəmir yollarından tutulan rüsumları dəmiryol təşkilatlarının
agentləri xəzinəyə ödəyirdilər. Tutulan rüsumun miqdarı hökmən sərnişinlərə
satılan biletlərdə göstərilməli idi.