3. Aksiz vergisi.

 

XIX əsrin axırları XX əsrin əvvəllərində Azərbaycanda birbaşa vergilərlə yanaşı aksiz vergilərindən də geniş istifadə olunurdu.

Həmin dövrdə Azərbaycanda artıq aksiz vergiləri tam formalaşmağa başladı. Maliyyə Nazirliyi bu sahədə çox böyük işlər görərək aksizə cəlb olunmalı malların tam siyahısını və aksiz vergilərinin ayrı-ayrı məhsul növləri üzrə dərəcələrini müəyyənləşdirdi. Eyni zamanda aksiz vergilərinin düzgün yığılmasına və aksizli malların düzgün satışına nəzarəti həyata keçirən orqanlar yaradıldı. Bütün bunlar ilk növbədə mövcud qanunvericiliklə tənzimlənirdi. Çar Rusiyasında bu münasibətləri tənzimləyən qanun «Aksiz Vergiləri haqqında Nizamnamələr» idi. Zaman keçdikcə vaxtaşırı bu Nizamnamələrə dəyişikliklər və əlavələr edilirdi.

Aksiz vergilərinin yığılmasında bu vergiləri yığan orqanın funksiyaları və səlahiyyət çərçivəsi tam dəqiqliklə müəyyən edilmişdi. Bütün aksiz vergilərinin dövlət xəzinəsinə yığılmasına nəzarəti Maliyyə Nazirliyinin Aksiz Yığımları Departamenti həyata keçirirdi.

Yerlərdə – quberniyalarda və vilayətlərdə nəzarəti Quberniya və ya Vilayət Aksiz İdarələri həyata keçirirdi. Qəzalarda isə onlara tabe olan Mahal Aksiz İdarələri fəaliyyət göstərirdi.

Qafqazda aksiz vergilərinin yığılmasına nəzarəti həyata keçirən orqan Zaqafqaziya Aksiz İdarəsi və ona tabe olan Mahal Aksiz İdarələri idilər.

Quberniya Aksiz İdarəsi bir quberniyada və ya vilayətdə aksizli mallar istehsal edən fabriklərin və zavodların, həmçinin yeməkxanaların siyahısını tutur və buna əsasən verginin həcmini müəyyənləşdirirdi. Mahal aksiz idarəsi isə həmin işi müəyyən bir mahalda və ya qəzada yerinə yetirirdi.

Aksiz vergisinə cəlb edilən malların siyahısı çox geniş idi. Həmin məhsullar əsasən spirtli içkilərdən, yundan, aşılanmamış dəridən, odun və sair taxta-şalban məmulatlarından, bütün növ yanacaqdan, tütün və tütün məlumatlarından, qəndtozu və kibritdən ibarət idi.

Quberniya Aksiz İdarələri birbaşa Maliyyə Nazirliyinə tabe idilər. Onu da  qeyd etmək yerinə düşərdi ki, mövcud qanunvericiliyə əsasən, Aksiz İdarəsi işçiləri çalışdıqları mahalda tütün plantasiyaları, şərab zavodları saxlaya bilməzdilər. Əgər belə hallar aşkar olunsa idi, onlar dərhal işdən azad edilirdilər.

Aksiz vergilərinə nəzarət polislə qarşılıqlı şəkildə həyata keçirilirdi. Polis yeməkxanalarda, şərabçılıq zavodlarında, tütün fabriklərində qanunvericiliyə əməl olunmasına nəzarət edirdi. Əgər polis aksiz vergiləri sahəsində pozuntu aşkar etsəydi, dərhal yerlərdəki aksiz nəzarətçisinə xəbər verməli idi. Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış şəkildə polisin bu sahədə fəaliyyətini tənzimləyən xüsusi qaydalar işləyib hazırlamışdı.

Dövlət xəzinəsi şərab və spirtdən hazırlanmış içkilərdən vergiləri iki şəkildə alırdı:

1. istehsal olunan içkilərin, məmulatların və mayanın miqdarından aksiz şəklində;

2. bu məhsulları hazırlayan zavodlardan və içki satan müəssisələrdən patent vergisi şəklində.

İçki vergisi Maliyyə Nazirliyinin tərtib etdiyi qayda əsasında Xəzəryanı vilayətlərdə İmperiyanın digər yerlərinə nisbətən yarı məbləğdə alınırdı. Çünki İmperiyanın digər vilayətlərinə nisbətən Xəzəryanı vilayətlərdə şərabçılıq zavodları və içki satan yeməkxanalar az idi. Xəzəryanı vilayətlərdə içkinin hər vedrəsindən 10 qəpik aksiz vergisi alınırdı. Patent vergisi isə ümumi qayda ilə alınırdı.

Aksiz alınan məmulatlar bunlar idi:

1) spirt və şərab;

2) üzüm və digər meyvələrdən alınmış spirt və həmçinin araqlar;    

3) pivə, porter (tünd pivə) və bal;

4) braqa (ev pivəsi);

5) preslənmiş maya (xaricdən gətirilənlər də daxil olmaqla).