Birbaşa vergilər dövlət xəzinəsinin gəlirlərinin əsas hissəsini təşkil
edirdilər.
Aşağıdakı vergilər birbaşa vergilərə aid edilirdilər:
Daşınmaz əmlakdan vergilər:
dövlət torpaq vergisi;
şəhərlərdə və digər yerlərdə daşınmaz əmlakdan vergilər.
Ticarət və sənayedən alınan vergilər:
ticarət və sənaye fəaliyyəti ilə məşğul olmaq hüququ üçün vergilər;
ticarət və sənaye müəssisələrindən xüsusi vergilər;
ticarət və sənayedən xüsusi yığımlar.
Pul kapitalından vergilər:
pul kapitalının gəlirlərindən vergilər;
xüsusi cari hesablardan vergilər.
Şəxsi vergilər:
tüstü (həyətbaşı) vergisi;
hərbi mükəlləfiyyətin yerinə yetirilməməsi əvəzində müsəlmanlaradan natura
formasında alınan vergi.
Zaqafqaziyada dövlət torpaq
vergisi güzəştli torpaq sahələri istisna olmaqla bütün torpaq sahələrindən
tutulurdu. Dövlət torpaq vergisinin quberniyalar üzrə ümumi məbləğini hər bir
quberniya ayrılıqda Maliyyə Nazirliyinə təqdim edirdi. Vergi məbləği yararlı
torpaq və meşə sahəsinin hər destyatininə görə müəyyən edilirdi. Maliyyə
Nazirliyi tərəfindən təsdiq edilmiş vergi məbləği Qəza Quberniya Zemski
Məclisinə göndərilir və hər bir qəzanın torpaqlarının gəlirlilik səviyyəsinə
görə bölüşdürülürdü. Qəza Zemski idarələri hər il noyabrın 1-dən gec olmayaraq
Xəzinə Palatalarına hər bir torpaq sahibinin nə qədər vergi verməli olduğu
barədə siyahı təqdim edirdilər. Əgər bu təqdimetmə
noyabrın 1-dən gec olurdusa, onda əvvəlki ildəki qədər vergi alınırdı.
Dövlət torpaq vergisi Xəzinədarlıqlara ildə iki dəfə keçirilirdi: ilin birinci
yarısı üçün – 1 yanvardan 30 iyunadək, ilin ikinci yarısı üçün isə 1 iyuldan 31
dekabradək.
Göstərilən vaxtda vergi ödənilmədikdə penya tətbiq olunurdu. Hər bir
gecikdirilmiş ay üçün ödənilməmiş məbləğin 1%-i miqdarında penya alınırdı.
Penyanın hesablanmasını asanlaşdırmaq üçün 50 qəpik və artıq məbləğ üçün 1 rubl
alınır, 50 qəpikdən az məbləğ isə hesaba alınmırdı.
Əgər ödənilməmiş məbləğ 1 il 6 ay müddətində alınmazdısa, onda Xəzinə
Palatasının göstərişinə əsasən Quberniya İdarəsi həmin mülkü açıq hərracda sata
bilərdi.
Xüsusi üzürlü hallarda Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin razılığı ilə
ödənilməmiş məbləğə möhlət verə bilərdi. Lakin bu müddət 5 ili ötməməli idi. Bu
və ya digər vergi güzəştlərinin ümumi müddəti isə 10 ili ötməməli idi.
Maliyyə Nazirliyi hər dəfə üzürlü hallarda dövlət torpaq vergisinin ödənilməmiş
məbləğinə möhlət verilməsini 5 il müddətinə 3 min rublu ötməmək şərti ilə Daxili
İşlər Nazirliyi ilə razılaşdıra
bilərdi.
Vergitutma obyekti olan daşınmaz əmlak dedikdə, şəhər və kənd yerlərinin
hüdudları çərçivəsində yerləşən daşınmaz əmlak (yaşayış sahələri
-
həyətlər və tikililərlə birlikdə, fabriklər, zavodlar, hamamlar, anbarlar,
oranceriyalar, müxtəlif tikililər və s.) başa düşülürdü.
Daşınmaz əmlak vergisinin obyektinə aşağıdakılar aid edilirdi:
Xüsusi mülkiyyətdə olan bütün daşınmaz əmlak;
Zemstvolara, şəhər idarələrinə, ruhani idarələrinə məxsus olan və icarəyə
verilməsi ilə əlaqədar gəlir gətirən daşınmaz əmlak.
Aşağıdakı əmlaklar vergiyə cəlb
olunmurdu:
Dövlət Xəzinəsi hesabına saxlanan əmlaklar;
Zemstvolara, şəhərlərə, ruhani idarələrinə məxsus olan və gəlir gətirməyən
əmlak;
Az
qiymətli mülkiyyət - 25 qəpikdən az məbləğdə vergi hesablanmış əmlak;
İmperator Kabinetinin sərəncamında olan mülkiyyət;
Udellərin yerləşdiyi binalar.
Daşınmaz əmlaka görə vergini şəhərlər, kəndlər və yerlər arasında Quberniya
Zemstvo Məclisləri öz ərazilərində yerləşən mülklər və onların gəlirləri barədə
məlumata əsasən müəyyənləşdirirdilər. Qiymətləndirmə elan edildikdən sonra bir
ay müddətində bu və ya digər daşınmaz əmlak sahibi Şəhər İdarəsinə şikayət
ərizəsi ilə müraciət edə bilərdi.
Ümumiyyətlə, arxiv materiallarına nəzər saldıqda görürük ki, Azərbaycanda
məmurlar bir çox hallarda daşınmaz əmlakları dəyərindən baha
qiymətləndirirdilər. Vətəndaşlar bu barədə şikayət ərizəsi ilə müraciət
edirdilər. Erməni millətindən olan ayrı-ayrı mülk sahibləri özlərinə xas olan
ərizəbazlıqla və həyasızlıqla tez-tez Şəhər İdarəsinə, şəhər rəisinə və
Polismeysterə müraciət edərək öz mülklərinin baha qiymətləndirilməsini və bu işə
yenidən baxılmasını istəyirdilər. Bəzi hallarda onlar buna nail olurdular.
Kimin nə qədər vergi ödəyəcəyi
özünə qabaqcadan məlum olsun deyə, 15 aprel tarixinədək xüsusi vərəqələrdə vergi
ödəyicilərinin adları və ödəyəcəkləri məbləğ çlxaldılaraq yayılırdı.
Daşınmaz əmlak sahibləri sentyabr ayı ərzində vergiləri Şəhər İdarəsinin
nümayəndələrinə ödəməli idilər. Onlar isə öz növbələrində ertəsi gün aldıqları
məbləği yerli xəzinədarlığa keçirməli idilər.
1 Oktyabr tarixinədək ödənilməmiş
məbləğin 1%-i məbləğində penya tətbiq olunurdu.
Azərbaycanda və bütövlükdə Qafqazda həyət vergisi və ya tüstü vergisi
adlı torpaq vergisi geniş yayılmışdı. Həmin vergini hər bir ayrıca
yaşayış və ya digər təyinatlı tikilisi olan həyətdən alırdılar.
Müxtəlif dini və dövlət təşkilatlarına məxsus tikililər, həmçinin yardımçı
tikililər bu vergidən azad idilər.
Həyət tüstü vergisi əsas və əlavə hissələrdən ibarət idi. Əsas tüstü vergisi
tikililərin yerləşdiyi torpaq sahələrindən alınırdı.
Əmlakın gəlir gətirmə səviyyəsindən asılı olaraq onu birinci və ikinci
gəlirlilik dərəcəsində
qruplaşdırırdılar.
Torpaqların ümumi siyahıyaalınması hər beş ildən bir keçirilirdi. Lakin torpaq
mülklərinin dərəcələrə bölünməsi və vergi məbləğinin müəyyən edilməsi
qanunvericiliklə müəyyən edilmiş dövrlərdə aparılırdı.
Kəndli malikanələri aşağıdakı şəkildə tüstü vergisi verirdilər:
birinci dərəcəli malikanələr - 15 desyatin və daha artıq yararlı torpaq
sahəsi olan malikanələr – ildə 15 rubl;
ikinci dərəcəli malikanələr - 3 desyatindən 15 desyatinədək yararlı torpaq
sahəsi olan malikanələr – ildə 2 rubl;
üçüncü dərəcəli malikanələr - 3 desyatindən az yararlı torpaq sahəsinə malik
olan malikanələr – ildə 1 rubl.
Aşağıda göstərilən torpaq sahələri vergiyə cəlb olunmurdu:
güzəştli şərtlərlə kəndlilərin istifadə etdikləri torpaqlar - güzəşt müddəti
bitənədək;
pulsuz olaraq məscidlər, qəbristanlıqlar, məktəblər, xeyriyyə təşkilatları
və ictimai idarələr tərəfindən tutulmuş kəndli torpaqları;
istifadəyə tamamilə yararsız və heç bir gəlir gətirməyən torpaqlar
-səhralar, bataqlıqlar və s.
19-cu əsrin ikinci rübündə vergi ödəyicilərinin əsas hissəsini kəndlilər təşkil
edirdi. Kəndlilərdən tutulan can vergisi tamamilə yığıla bilmirdi. Kəndlilər
kənd məktəblərinin qoruyucusunun, ruhanilərin, cuvarların, mirabların,
kargüzarların, kəndxudaların, kəndxuda müavinlərinin, meşəbəyilərin saxlanılması
üçün də vergilər ödəyirdilər. Kəndlilər həmçinin yollardan, çaylardan, çəmən
yerlərindən və sairədən istifadə etdiklərinə görə də vergi verirdilər. Bu
vergilərin hamısının ümumi həcmi təxminən həyətbaşı və zemski vergilərindən
toplanan məbləğə bərabər idi.
1863-cü ildə dövlət şəhər əhalisindən alınan can vergisini ləğv etdi. Əvəzində
onların şəhərdə olan daşınmaz əmlakının 0,2%-i miqdarında əmlak vergisi almağa
başladı. Yerlərdə əhali dövlət xəzinəsindən əlavə yerli zemski idarələrinə
də vergi verirdilər. Zemski idarələri yerli əhalidən zibil üçün, atların,
itlərin saxlanılması üçün, sallaqxanalar üçün vergi alırdılar. Zemski vergiləri
və rüsumları yerli zemski idarələri tərəfindən müəyyən olunurdu.
Rusiya İmperiyasında ticarət - topdansatış və parəkəndə ticarət kimi
qruplaşdırılırdı. Topdansatış ticarəti tacir kontorlarından, anbarlardan
və gəmilərdən həyata keçirilirdi. Xırda ticarət isə müəyyən tikililərdə
səyyar qaydada və xüsusi olaraq göstərilmiş yerlərdə həyata keçirilirdi.
Ticarət fəaliyyətinə aşağıdakı göstərilən fəaliyyət növləri aid edilirdi:
ticarət gəmilərinin, paraxodlarının və bütün növ gəmilərin hazırlanması,
saxlanılması, təmiri və icarəsi;
məhsulların alışı, satışı, daşınması və ya komission, ekspedisiya və ya
makler fəaliyyəti;
Rusiya və ya xarici şəhərlərə pul köçürülməsi və ya ümumiyyətlə bankirlik
fəaliyyəti;
pul dəyişilməsi üçün köşklərin və ya stolların saxlanılması;
dövlətin qiymətli kağızlarının, həmçinin səhmdar cəmiyyətlərin səhmlərinin,
istiqrazlarının alışı və satışı üçün müəssisələrin saxlanılması;
sığorta kontorlarının saxlanılması;
mənzil icarəsi, iş və ya xidmət üçün şəxslərin axtarılıb tapılması, əmlak
alqı-satqısı üçün sorğu kontorlarının saxlanılması;
mağazaların, anbarların, köşklərin və mal satışı üçün sair obyektlərin,
həmçinin yeməkxanaların və pullu hamamların saxlanılması;
bütün növ emalatxanaların, fabrik və zavodların, kənd təsərrüfatı
müəssisələrinin saxlanılması;
quru və su yolları ilə əhalinin və yüklərin daşınması;
xəzinə ilə, zemski idarələri ilə, şəhər və kənd ictimai idarələri ilə
malların gətirilməsi və podrat haqqında müqavilə bağlanılması.
Qanun yol verdiyi bütün növ ticarət vergi verməklə və ya vergidən azad olunmaqla
biletlərin və şəhadətnamələrin alınması yolu ilə aparılırdı.
Qeyd etmək lazımdır ki, ölkə əhalisinin ümumi vəziyyətini nəzərə alaraq və
ölkədə işgüzar fəaliyyəti stimullaşdırmaq məqsədi ilə dövlət ticarət və
sənayenin bir çox sahələrini vergidən azad etmişdi.
Vergidən azad edilən sahələr :
çörək ticarəti, mal-qara, quşlar, duz, ümumiyyətlə, aksiz vergisinə cəlb
olunmayan bütün növ qida vasitələri ilə ticarət. Bundan başqa gil, kərpic,
daş pilətələr və sair tikinti məhsulları üçün də vergi tutulmurdu. Bu
məhsulların satışı sadəcə olaraq şəhadətnamələrin və biletlərin götürülməsi
ilə həyata keçirilirdi;
qida məhsullarının, meyvələrin, köhnə kəndli paltarlarının satışı;
müddəti
bir həftədən az olan yarmarkaların fəaliyyəti;
pulların yarmarkalarda, müvəqqəti stollarda, köşklərdə dəyişdirilməsi;
çay, göl və dəniz gəmilərinin düzəldilməsi, təmiri və saxlanılması (sərnişin
və yük daşıyan gəmilər bura aid edilmirdi);
fabriklər üçün maşın və aparatların, kənd təsərrüfatı maşınlarının, kimyəvi
tərkiblərin, boyama vasitələrinin hazırlanması və onların hazırlandıqları
müəssisələrdə satışı;
tədris, gigiyenik və müalicə müəssisələrinin, kitab mağazalarının, kütləvi
kitabxanaların saxlanılması.
Bütün təbəqələrdən olan kənd əhalisinə vergi ödəmədən bazarlarda, yarmarkalarda,
köşklərdə kənd təsərrüfatı məhsulları satmağa icazə verilirdi.
Şəhər əhalisi özlərinin evlərində hazırladıqları əşyaları vergi ödəmədən sata
bilərdilər. Lakin bu əşyaların satıldığı yer daimi ticarət üçün nəzərdə tutulmuş
yer ola bilməzdi.
Dəmir yollarının ehtiyaclarını ödəmək üçün xidmət göstərən dəmiryol
emalatxanaları vergi vermirdilər.
Kənd təsərrüfatı cəmiyyətləri və zemski idarələri tərəfindən açılan və kənd
təsərrüfatı alətləri və maşınları, süni gübrələr, toxumlar və s. satan anbarlar
da vergi vermirdilər.
Aksiz vergisi və xəzinənin xeyrinə digər vergilər verən müəssisələr də bu
vergini ödəmirdilər.
Göründüyü kimi bu güzəştlər çox müxtəlif olmaqla yanaşı həm də əhatə etdiyi
sahələrin inkişafına xidmət edirdi. Xüsusən də bu güzəştlər kənd təsərrüfatının
inkişafı və ölkə əhalisinin qida məhsullarına olan tələbatının ödənilməsinə
edilən cəhdlərin nəticəsi idi.
Mövcud vergi sistemi ticarət
və sənaye fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edirdi və vergi
dərəcələri də çox müxtəlif idi. Hər bir vergitutma obyekti öz fəaliyyətinin
növünə və miqyasına görə vergi ödəyirdi.
Ticarət və sənaye fəaliyyətindən vergilər həmin fəaliyyət növü ilə məşğul olmaq
hüququ verən biletlərdən vergi tutulması yolu ilə həyata keçirilirdi.
Şəhadətnamələr iki yerə bölünürdü:
1. ticarət və gildiya şəhadətnamələri (bu şəhadətnamələrin sahibləri müəyyən
fəaliyyət növü ilə məşğul olmaqdan əlavə bir sıra şəxsi üstünlüklərə də malik
idilər);
2. sənaye şəhadətnamələri (bu şəhadətnamə sahibləri heç bir şəxsi üstünlüklərə
malik olmurdular və qanunla müəyyən edilmiş fəaliyyət növləri ilə məşğul ola
bilirdilər).
Ticarət şəhadətnamələri iki dərəcədən ibarət idi - birinci gildiya (topdansatış
ticarət üçün), ikinci gildiya (parakəndə satış ticarəti üçün).
Bu qaydalar həm rus təbəələri üçün, həm də xaricilər üçün və həmçinin, ticarət
və sənaye fəaliyyəti ilə məşğul olan bütün səhmdar cəmiyyətlər, şərikli
müəssisələr üçün məcburi idi. Yalnız İmperatorun xüsusi razılığı əsasında
güzəştlər almaq olardı.
Birinci gildiya tacir şəhadətnamələri üçün eyni vergi tutulurdu. İkinci gildiya
və həm də sənaye fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamələrdən fəaliyyət
növündən asılı olaraq müxtəlif vergilər tutulurdu.
Şəhadətnamələrə və biletlərə görə vergi hər bir gələcək il üçün noyabrın 1-dən
yanvarın 1-dək ödənilməli idi. Əgər yanvarın 1-dək vergi ödənilməsə idi, həmin
şəxs ticarət və sənaye fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilirdi.
Birinci və ikinci gildiya şəhadətnamələrinə malik olan şəxslər həm
xırda ticarət, həm də sənaye fəaliyyəti ilə
məşğul ola bilərdilər.
Ticarət və sənaye müəssisələri əsas vergilərdən başqa həm də əlavə (faiz)
ticarət və sənaye vergilərini də verirdilər.
Faiz vergisi bütün ticarət və sənaye müəssisələrindən hər bir
əməliyyat
ilinin axırında xalis mənfəətin 5%-i miqdarında alınırdı.
Dövlət yerlərdə ordu hissələrini saxlamaq və onların mənzil təminatını həyata
keçirmək üçün ticarət və sənayedən müvəqqəti olaraq xüsusi vergilər də tuturdu.
Lakin bu vergilər həm müvəqqəti xarakter daşıyır, həm də müxtəlif ərazilərdə
müxtəlif cür müəyyənləşdirilirdi.
Pul kapitalından vergilər aşağıdakı kimi tutulurdu:
1. dövlətin, ictimai və xüsusi təşkilatların, müəssisələrin, səhmdar
cəmiyyətlərin qiymətli kağızlarından gələn gəlirin 5 faizi miqdarında;
2. dəmiryol cəmiyyətlərinin təminat verilməyən qiymətli kağızlarından gələn
gəlirlərinin 3 faizi miqdarında.
Qiymətli kağızlara görə gəlir alındıqda həmin məbləğdən vergi tutulurdu və bir
ay müddətində xəzinədarlığa keçirilməli idi.
Cari hesablarda olan pul vəsaitlərindən və digər faizli əmanətlərdən vergini
faiz hesablanarkən kredit müəssisəsi ödəyirdi və xəzinədarlığa keçirirdi.
Zaqafqaziyanın yerli müsəlman əhalisindən hərbi xidmətdən azad olmaları
müqabilində əsgəri vergi alınırdı. Onu da qeyd etmək yerinə düşərdi ki, bu vergi
Rusiya İmperiyasında təkcə azərbaycanlılardan yox, həm də türkmənlərdən,
noqaylardan, qaranoqaylardan, kalmıklardan, ingiloylardan, kürdlərdən və digər
müsəlman əhalidən də alınırdı.
Təbəqəsindən asılı olmayaraq, Qafqazın bütün müsəlman əhalisi bu vergini ödəməli
idi.
Məsələn, 1893-cü ildə Zaqatala mahalı 29 min rubl, Tiflis quberniyası 14500
rubl, İrəvan quberniyası 69000 rubl, Yelizavetpol quberniyası 14000 rubl, Bakı
quberniyası 158000 rubl, Dağıstan vilayəti 38000 rubl əsgəri vergi ödəmişdi.
Ümumilikdə Qafqaz vilayətindən ildə təqribən 543000 rubl əskəri vergi alınırdı.