XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində praktikum təşkil olunub.

Vergilər nazirinin müvafiq əmri ilə Tədris Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında 11.07.2019-cu il tarixdə “Dövlət qeydiyyatı və uçota nəzarət”, “Sosial sığorta ödənişlərinə nəzarət” və “Vergi öhdəliklərinin icrasına nəzarət” sahələri üzrə praktikum keçirilib.

Praktikumun keçirilməsində əsas məqsəd vergi və sosial sığorta üzrə inzibatçılığın əsaslarının vergi orqanlarında çalışan əməkdaşların diqqətinə çatdırılmasından  ibarət olub.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə “Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarının toplanılması və nəzarət” mövzusunda çıxış edərək, sosial sığorta haqqında qanunvericilikdə olan yeniliklər, sosial sığorta öhdəlikləri və bu sahədə görülmüş işlər, sosial sığorta ödənişlərinə nəzarət istiqamətində məlumatları dinləyicilərə çatdırıb, bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərdən danışıb.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinin Uçotun təşkili şöbəsinin rəhbəri Almaz Quliyeva dinləyicilərə vergi ödəyicilərinin uçotunun aparılmasının mühüm əhəmiyyət kəsb etməsi, bu sahədə baş verən yayınmalar və boşluqların aradan qaldırılması barədə geniş məlumat verib. Daha sonra məruzəçi “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin, ailə kəndli təsərrüfatları başçılarının uçotu” prosedurları barədə dinləyicilərə ətraflı məlumat verib.

Sonda Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin Vergi borcları və təqdim edilməmiş hesabatlarla iş şöbəsinin baş dövlət vergi müfəttişi Rəşad Fərhadlı çıxış edərək dinləyicilərə Departamentin vəzifələri və yerlərdə bu sahəyə aid görülən işlər barədə geniş məlumat verib.

O, çıxışında vergi borclarının və inzibati cərimələrin alınması, vergi orqanları ilə icra qurumları arasında işin təşkili sahəsində yerli vergi orqanlarının görməli işləri, vergi borclarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada möhlət verilməsi, vergi borclarının alınması məqsədilə AVİS-də icraat vərəqələrinin açılması, borcun ödənilməsinə dair bildirişlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanması və göndərilməsi, vergi ödəyicisi vergi borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, vergi orqanları tərəfindən vergi ödəyicilərinin əmlaklarının (borc yönəldilə bilinəcək real əmlaklarının) siyahıya alınması və hərrac vasitəsi ilə satılması işinin təşkil edilməsi, bank hesablarına sərəncamların qoyulması və geri çağrılması prosedurları, vergi borclarının məhkəmə qaydasında və (və ya) icra qurumları vasitəsilə alınması prosedurları, borclu fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi prosedurları   və s. barədə dinləyicilərə ətraflı məlumat verib.

Hər bir təlim mövzusu üzrə geniş fikir mübadilələri aparılmış, dinləyiciləri maraqlandıran suallar ətrafında diskussiyalar aparılıb.

Təlimlərdə ümumilikdə 18 nəfər vergi orqanı əməkdaşı dinləyici qismində iştirak edib.