XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlim başa çatmışdır

Vergilər Nazirliyinin müvafiq əmri ilə Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında 13 may 2019-cu il tarixdən 27 iyun 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlim təşkil edilmişdir.

Təlimə 12 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri, ümumiqtisadi mövzular, milli mühasibat uçotu, sosial sığorta və işsizlik sığortası üzrə  qanunvericilik, idarəetmə sahəsi üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in alt sistemindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 182 tədris saatı ayrılmışdır. Bunun 126 saatı (69,2%) Tədris Mərkəzinin əməkdaşları, 56 saatı (30,8%) isə Vergilər Nazirliyinin və aidiyyəti strukturların vergi inzibatçılığı və AVİS-in müxtəlif alt sistemlərindən istifadə qaydalarını tədris edən əməkdaşları tərəfindən tədris edilmişdir.

25 iyun 2019-cu il tarixdə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlərə cəlb edilmiş əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı olmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamentinin Operativ vergi nəzarəti idarəsinin Nizami rayonu üzrə şöbəsinin dövlət vergi müfəttişi Quliyeva Nailə Sarkar qızı, həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Yasamal rayonu üzrə şöbəsinin dövlət vergi müfəttişi İsmayılov Fərrux Mahir oğlu və 12 saylı Ərazi Vergilər Departamentinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi Hümbətov Elşən Pəhlivan oğlu sərbəst mövzuların təqdimatında xüsusi fərqlənmişlər.         

Kursun yekunu üzrə, 27 iyun 2019-cu il tarixdə AVİS-də real vaxt rejimdə test üsulu ilə imtahan keçirilmişdir.

Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 59,0%, yekun qiymətləndirmə üzrə orta nəticəsi 88,0%, ümumilikdə artım fərqi +29,0 bənd olmuşdur.

İmtahanın nəticələri protokollaşdırılmışdır.