gallery6

İxtisasartırma kursu başa çatmışdır

28.06.2019

Vergilər Nazirliyinin müvafiq əmri ilə Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında 13 may 2019-cu il tarixdən 27 iyun 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ixtisasartırma kursu təşkil edilmişdir.

Təlimə bəyannamələrin təhlili və kameral yoxlanılması, iqtisadi təhlil, operativ vergi nəzarəti və audit sahələrində fəaliyyət göstərən və sosial sığorta ödənişlərinə nəzarət edən 19 nəfər əməkdaş cəlb edilmişdir.

Təlim zamanı vergi qanunvericiliyinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri, ümumiqtisadi mövzular, milli mühasibat uçotu, sosial sığorta və işsizlik sığortası üzrə  qanunvericilik, idarəetmə sahəsi üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 170 tədris saatı ayrılmışdır. Bunlardan 116 saatı (68,2%) Tədris Mərkəzinin əməkdaşları, 54 saatı (31,8%) isə Vergilər Nazirliyinin və aidiyyəti strukturların vergi inzibatçılığı və AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydalarını tədris edən əməkdaşları tərəfindən tədris edilmişdir.

Kursun yekunu üzrə, 27 iyun 2019-cu il tarixdə AVİS-də real vaxt rejimdə test üsulu ilə imtahan keçirilmişdir.

“Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”nın 5.4.10-cu bəndinə əsasən proqramın sonuncu təlim bloku üzrə qiymətləndirmədə 70%-dən aşağı nəticə göstərən əməkdaşa 1 ay sonra bir dəfə təkrar imtahanda iştirak etmək hüququ verilir.

Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 55,0%, yekun qiymətləndirmə üzrə orta nəticəsi 72,0%, ümumilikdə artım fərqi +17,0 bənd olmuşdur.

İmtahanın nəticələri protokollaşdırılmışdır.